Modern.az

Ağdərəyə qayıdacağıqmı?!

Ağdərəyə qayıdacağıqmı?!

29 İyun 2011, 10:49

Agdərənin Umudlu kənd sakininin qeydləri


Ağdərə - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ən böyük  rayonu 1930-cu ildə təşkil olunub. Zaman-zaman Ağdərənin adı dəyişdirilib. 1930-39-cu illər Cerabred, 1992-ci illər Mardakert edilib. 1992-ci ildən Ağdərə adı bərpa edilib. Ərazisi 1705 km, əhalisi 44.400 nəfər (1981).

İki şəhər tipli qəsəbəsi,  57 kəndi olub. 1992-ci il oktyabrın 13-də  Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bir rayon kimi ləğv edilib.

Ağdərəm mənim, anam  torpağım,  ağ nəhəngim. Ağdamın, Ağcəbədinin, Ağdaşın, Ağsuyun, Ağstafanın, Ağbabanın, Ağdabanın dost-doğmaca qardaşı. Ağ nişanlı Türk yurdlarından biri.

13 oktyabr qərarını eşidəndə elə bildim bir ağ fili güllələdilər gözlərim önündə. Bəlkə adındakı dərə kəlməsi hürkütdü bizi.

İnsanlığın ilk  sığıncaqlarından, onları küləkdən,  tufandan qoruyan olmayıbmı dərələr (dənizin, körfəzi, limanı kimi)

Ana torpaq hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır
                                                  M.Araz

Yaxud Ş.Ələkbərovanın məşhur “Dərələr”ini xatırlayaq.

Ağdərəm. Ağ  nəğməm. Tərtərin, Tutqunun, Qoruğun,Torağayın, Xaçının nəğmələri  oxşayır torpağının müqəddəs ruhunu. Qədim və zəngin tarixə malik yaşayış  məskənləridir Tərtərin  və Xaçının vadiləri.

Umudlu çökəkliyi (çox təəssüf ki, ASE-də (VI cild səh 355) Aterk  çökəkliyi kimi göstərilib) Tərtər vadisinin tərkib hissəsi olmaqla Dağlıq Qarabağın ən füsünkar  güşələrindən biridir. Burda mənim doğma yurdum - Umudlu kəndim yerləşir. Tarixlər şahidi,  igidlər  məskəni Umudlu. Aran relyefli dağlar gözəli. Camalının şöləsinə halə tutub  meşəli dağlar. Başının üstündə əzəmətli  Murov ucalır, hüsnünə  Göy Gölün əkiz bacısı Sərsənggöl ayna tutur.

Torpağı behiştdir, suyu kövsər.
Havasını udduqca adam qanadlanıb uçmaq istəyir.
Dörd fəslinin tamaşasına dörd göz azdır.
Doqquzuncu cənnətidir dünyanın.

Kənddən bir kilometr Şimalda qədim  və möhtəşəm bir qala vardı.

Enli hasarları, keşikçi və oxçu bürcləri, müxtəlif  təyinatlı çoxlu tikililəri və hamam, yeraltı yolları sağ-salamat  qalmışdı. 60-ci illərin əvvəllində bir qadın bir küp qızıl tapdı.  Bununlada başlandı Qalanın faciəsi. Yalnız hasarının bir hissəsi qaldı, yeraltı yolları, bir də hamamı. Rayon rəhbərliyi bu akta heç bir reaksiya vermədi. Yəqin ki, bu onlara  əl verirdi. Çünki qalanın Alban tarixi abidəsi olduğu  heç kəsdə şübhə  doğurmurdu. Arqumentlər  çox qabarıq idi.
Kəndin iki kilometr Şimal – qərbində də qədim bir Alban    kilsəsinin xarabalıqları  qalmışdı.  Ermənilər nədənsə ona iddia irəli sürmürdülər.

Bizimkilər, yəqin ki, bu gün də həmin Qalanın və Kilsənin varlığından xəbərsizdilər.

Umudlu dərəsinin iki qapısı var. Qərbdən Çərəkdar (çəkər qədər dar) və şərqdən Sərsəng (Sərsəng körpüsü, XIII əsr).

Ağdərəm. Sənin torpağının altı da, üstü də sərvətdir:

Heyvalı (SSRİ vaxtında Drombon, quldur Dronun adı verilmiş kənd) ərazisindəki qızıl və uran, Mehmandakı polimetal, Ağ gədikdəki çox zəngin daş kömür, Şahbulaq tirəsindəki əhəngdaşı və gips yataqlarıyla;

Su pərisi Sərsənggölün zəngin balıq ehtiyatlarıyla (sazan, bığlı balıq), Torağayın, qızılxallı balığıyla, yatağı rəngarəng daşlardan ibarət olan, heç vaxt bulanmayan Daştapılanın (Torağayın sol qolu) hərəsi bir rəngə çalan dağ foreli – canlı ikebanasıula (çiçək dəstəsi);

Rayon ərazisinin təqribən 44 %-ni (193,6 min ha) tutan, əsasən öz ilkinliyini hifz edə bilmiş meşələrinin – təmiz havası, saf suyuyla,

Zəngin meyvə və giləmeyvəsiylə (burada bitən qara moruq ayrı heç yerdə bitmir)

Ovu, quşuyla (maral, cüyür, dovşan, ayı, qaban, dağ keçisi, dələ, qırqovul, kəklik), 20-dən artıq agac növüylə (xüsusən sənaye əhəmiyyətli qoz, palıd, fıstıq, göyrüş, cökə, xan çinarı, qarağac, yastıyarpaq kimi agaclarıyla),

Müalicə əhəmiyyətli sularıyla (Bunların şahı Qaranlıqda, Torağayın sol sahilində yerləşən Dərmanbulaq, hansı ki respublikada “Böyrək suyu” kimi tanınır.)

Sənin torpaqlarında dəmyə yetişən məhsullar, yəqin ki, dünyanın ən təbii, ən saf, ən gözəl nemətlərdir.

Ağdərəm, sənin nə qədər tarixi abidələrin var...

Vaxtında tədqiq edib öyrənmişikmi onları? Bu barədə vicdanımız rahatdırmı?

Əlbəttə yox.

Ermənilər illər boyu tarixi abidələrimizi özününküləşdirəndə, Ağdərə Mardakert, Həsəniz Aterk, Qozlu Vaquas, Yaycı Koçoqot, Qızılqaya Arqomer, Heyvalı Drombon (?!), Çardaxlı Maqavuz, Ulu Qarabəy Mesçen, Kiçik Qarabəy Moxrataq, Ortakənd Orataq olanda hardaydıq biz?...

İndisə iki dərənin abidələrinin tam olmayan siyahılarına nəzər yetirək.

Xaçın dərəsinin abidələri.

Qanzasar (monastırlar kompleksi), Xudavəng (monastır), Surb Stepanos (kilsə), Xoxanaberd (Oğlanqala), Det (qala), Sinranakar (qala), Natarin(qala), Xaçın sarayı (Həsən Calalın), Avaotuk (monastır), Vaçar (kilsə), Manka (kilsə), Surb Aop (monastır), Kaçaxakaberd (qala), Akobovəng (monastır), Anapat (kilsələr kompleksi), Anapat (monastırlar kompleksi), Surb Gevorq (kilsə), Karmir (kilsə), İnn Mas (monastır).

Tərtər dərəsinin abidəsi.

Xatravəng (Dadivəng) (monastır), Levonaberq (qala), Qırmızı (Qızıl) Vəng (monastır), Çərəkdar (monastır), Akana (qala), Andarberq (qala), Mesis (monastır), Şukavəng (monastır), Murov ocağı, Böyük Həsən (kilsə), Surb Astvasaşin (monastır), Xotravəng (kilsə), Berdakar (qala), Akaraberq (qala), Ceraberq (qala), Anapat (monastır), Eqiş Arakyal (monastır), Kalankatuy (Çardaxlı yaxınlığında, Kalankatuylu Musanın kəndinin xərabələri), Ürək (Qlxo), (monastır, Talış kəndi yaxınlığında), Məlik Bəyləryanların sarayı (Ürək monastırı yaxınlığında), Sərsəng körpüsü və Qarı körpü(hər ikisi Tərtər çayı üzərində).

Ağdərəm. Görəsən, dünyada Murov yaylaqlarından gözəl yaylaqlar varmı?

İnanmıram ola. Cığalan (adın gözəlliyinə baxın), Qasım binəsi, Qızıl arxac, Həmzə çəməni, Qazaxıstanın at qoruğu, Murov palıdlığı, Buzlaq (avqust ayında buz), Ulubəy daşı, Ovçu bulağı...

Daha hansı möcüzələrini deyim, Murov?!

Murovdadır Ağdərənin qara xalı – Qara Göl.

Ağdərə ərazisindədir dağla aran arasındakı qapı, iqlimayıran – Ağ Gədik.

Ağ Gədiyi aşanda bunu fiziki olaraq hiss edirsən.

İlahi, Ağ Gədiyi aşıb doğma yurdumuza dönəcəyimiz Ağ Günə azmı qalıb?! ...

Bu günlərdə televiziya kanallarında səslənmiş xoş bir xəbər bütün Ağdərəliləri riqqətə gətirirdi: Ağdərənin rayon statusu bərpa edilir.

Gözlərdə bir ümid qığılcımı parladı (bu qığılcımdan alov doğulsun, İlahi!), hamını xoş bir ovqat sardı.

İndi Ağdərənin 12 Azərbaycanlı kəndinin (Umudlu, İmarət Qərvənd, Çəkərdar, Xatınbəyli, Baş Güney, Orta Güney, Manik, Sıraxavənd, Narışdar, Yeni Qaralar, Bəşirlər, Qaraşlar) sakinləri həyəcan və intizar dolu anlar yaşayır. Bəyinlərə və ürəklərə ancaq bir sual hakimdir: Ağdərə qayıdacaqmı?!...

Qayıdar. Niyə də qayıtmasın? Bu BMT-dən, ATƏT-dən, Avropa Şurasından asılı deyil ki, onlara yalvaraq,onları başa salmağa çalışaq. Bu ki, bizim öz doğma parlamentimizdən, öz millət vəkillərimizdən asılıdır....

Ağdərənin ayağı yüngüldür. Yəqin ki, Ağdərənin özü, Ağdərənin ardınca isə işğal altında olan digər torpaqlarımız da qayıdacaq.

Qədəmlərin uğurlu olsun, Ağdərəmiz!!...

Zabil Süleymanoğlu
Tərtərdə fəaliyyətini bərpa etmiş Ağdərənin Umudlu kənd orta məktəbinin direktoru 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu