Artıq 2017-ci ilin sonlarına gəlib çıxmışıq. Bu il digər sahələrlə yanaşı, idmanda da müəyyən hadisələrlə əlamətdar oldu. Maraqlıdır, 2017-ci il Azərbaycanın idman həyatında nə ilə yadda qaldı?
Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Rövşən Rzayev Modern.az-a deyib ki, Azərbaycan idmançıları dünyanın bir çox ölkəsində idmanın müxtəlif növlərində mühüm uğurlar əldə ediblər.
“Bakıda ikincisi dəfə keçirilən Formula yarışları 2017-ci ilin yadda qalan idman hadisələrindən oldu.
Bu il keçirilən İslam Həmrəyliyi Oyunları da bütün dünyanın diqqətini ölkəmizə cəlb etdi.
“Qarabağ” futbol klubunun Çempionlar Liqasında çıxışı ilin ən yadda qalan hadisəsi oldu. “Qarabağ”ın bu uğuru bütün dünya mətbuatında yer aldı. Bu Azərbaycan futbolunda bir ilk idi.
Bu yaxın günlərdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın idman tarixində önəmli hadisələrdən biridir. Avropa Gimnastika İttifaqının prezidentinin azərbaycanlı olması hər birimizin sevincinə səbəb oldu. Azərbaycan gimnasitikasının inkifşafında birinci vitse-prezident Mehriban Əliyevanın zəhməti çox böyükdür.
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar dünyanın bir çox ölkəsinə örnəkdir. İnanırıq ki, gələcək illərdə idmanımız daha da böyük uğurlara imza atacaq”.
İdman jurnalisti Rövşən Binnətli deyib ki, 2017-ci il Azərbaycanın idmanı üçün uğurlu il olub.
“Bu il Hacı Əliyev güləşdə böyük nailiyyət əldə etdi. Məhəmmədrəsul Məcidov dünya çempionu adını qazandı, o, 3-cü dəfə bu çempionluğu əldə etdi. Dünyada 3 dəfə dünya çempionu adını qazanan 5 ölkə var ki, onlardan biri Azərbaycan oldu. Bu, ilin ən yaddaqalan hadisələrindəndir. Cüdo üzrə Hidayət Heydərov Avropa çempionu adını qazandı. O, ən gənc Avropa çempionu ünvanı oldu. Bundan başqa, Elxan Məmmədov da Avropa çempionu adını qazandı. Cüdo üzrə dünya çempionu adını qazanan olmasa da, gümüş medal alanlar oldu. Bu il cüdo idman növü üzrə gənclərimiz dünya birinciliyinin qalibi oldular. Oğlanlar 2 qızıl, 2 gümüş medal qazandılar, amma ümumi medallarımızın sayı 5 oldu. Bir qız cüdoçumuz da bürünc medal qazanmışdı. 5 medal ilə biz Yaponiyadan geri qaldıq.
Bir dünya çempionumuz da taekvondo üzrə Milad Hərçəqani oldu.
Şahmat idman növü üzrə də böyük uğurlar qazandıq. Biz 3-cü dəfə şahmat üzrə Avropa Çempionatı qazandıq. Şəhriyar Məmmədyarovun dünya reytinqində 3-cü yerə yüksəlməsi ilin ən diqqətçəkən hadisəsi olub.
Kollektiv idman növlərində voleybol üzrə yığma komandamız yarımfinala yüksəldi. 2017-ci ilin Azərbaycan idmanında ən yadda qalan hadisəsi isə “Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsi oldu. Bu, bir ilk idi.
Bu il voleybol üzrə Avropa Çempionatı Gürcüstanla birgə Azərbaycanda təşkil olundu. Amma əsas təşkilatçı biz idik. Təşkilatçılıq baxımından ilin ən önəmli hadisəsi İslam Həmrəyliyi Oyunları oldu. Bununla da Azərbaycan daha bir irimiqyaslı yarışı mükəmməl şəkildə təşkil etdi.
Bundan əlavə, yaxın günlərdə Azərbaycan Milli Gimnasita Federasiyanın baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına sədr seçilməsi ən böyük uğurlardan oldu”.