Damazlıq üçün yararsız və artıq təsərrüfat üçün də işə yaramayan atlardan da gəlir mənbəyinə çevrilib. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, ötən ildən etibarən Azərbaycandan Qazaxıstana ətlik at ixrac olunmağa başlayıb. Bu il ixrac olunan atların sayı ötən illə müqayisədə dəfələrlə artıb.
Xaricə at ixracı 6 dəfədən çox artıb. Son iki ildə kəsim məqsədilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub. Bu ölkə hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir. Qazaxıstan həm də at ətinin istehsal həcminə görə dünyada ikinci yerdədir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə, ətlik atların ixracına ilk dəfə ötən il başlanılıb. Bu il ixrac olunan atların sayı isə ötən illə müqayisədə 6,8 dəfə çoxdur.
Yolçu Xanvəli bildirib ki, ixrac olunan atlar damazlıq üçün yararsız, lakin sağlam, heç bir xəstəliyi olmayan atlardır.
Hesabat dövrünün göstəricilərinə əsasən, 1 baş atın orta ixrac satış qiyməti 148 dollar olub. Ötən il isə bu göstərici 141 dollar təşkil edib.