Qədim tarixə, mədəniyyətə, adət-ənənələrə malik olan Azərbaycan rayonları müxtəlif xüsusiyyətlərilə bir-birindən fərqlənir. Rayonlarımız ayrı-ayrılıqda nəyiləsə tanınırlar.
Modern.az saytı “Rayonlarımız nəyi ilə tanınır” sualı ilə cəmiyyətimizin müxtəlif sahələrinin nümayəndələrinə müraciət edir.
Bu dəfə də müsahiblərimizdən işğal altında olan Kəlbəcər rayonunu xəbər aldıq. Aldığımız cavablar belə oldu....
“Kəlbəcərlilər daha çox mərdlikləri ilə secilirlər...”
Millət vəkili Flora Qasımova bildirdi ki, Kəlbəcər deyəndə ilk yadına gələn dünyanın gözəl, bənzərsiz təbiəti olur. İstisuyu, təbii sərvətləri, yaylaqları da Kəlbəcəri millət vəkilinə xatırladır.
Bu rayonun insanlarına fərqli xüsusiyyətlərinə gəlincə, millət vəkili bildirib ki, kəlbəcərlilər daha çox mərdlikləri ilə secilirlər.
“Kəlbəcər deyəndə uşaqlıq xatirələrim yada düşür”
Müsavat Partiyası Ali Məclisin sədri Arzu Səmədbəyli Kəlbəcər rayonunu əsrarəngiz gözəlliyə malik bölgə hesab edir. Onun sözlərinə görə, bu rayon ona uşaqlıq illərini xatırladır: “Mənim ata nənəm Kəlbəcər rayonundandır, bu rayon uşaqlıq illərimi mənə xatırladır. Yay tətillərində yaylaqlara gedərdik. Digər tərəfdən, Kəlbəcər mineral suları, keyfiyyətinə görə tək olan İstisu, qızıl dağlarına görə də tanınır. Yel xəstəliyi olan insanlar İstisuya gəlib öz dərdlərinin dərmanını tapardılar”.
A.Səmədbəyli digər tərəfdən bu rayonun streteji cəhətdən də əhəmiyyətli olduğunu bildirib: “Bir tərəfdən Göyçə istiqamətində, digər tərəfdən Ağdərə, Tərtər istiqamətində səngər idi. Təssüflər olsun ki, rayon Rusiyanın köməyi ilə ermənilər tərəfindən işğal olundu”.
Kəlbəcərliləri digər rayonların insanlarından fərqləndirən hər hansı xüsusiyyətə gəlincə, A.Səmədbəyli hər bir rayonun insanlarını fərqləndirən xususiyyətlərin olduğunu bildirdi. Onun fikrinə görə, bu rayon da Göyçə mahalı kimi musiqinin, sazın, sözün vətənidir: “Deyirlər dağ insanları saf olur, həqiqətən də kəlbəcərlilər saf, təmiz, qonaqpərvər, vətənpərvər insanlar kimi mənim yaddaşımdadır”.
“Dağ kəndlərindəki insanların kasıblığını xatırlayıram”
Yazıcı Səfər Alışarlı bildirib ki, Kəlbəcərdə cəmi bir dəfə olub. Tərtər çayı boyunca gedən sovet yolu, dağ kəndlilərinin kasıblığı və Başlıbel yolunda İstisu fəvvarəsi onun yaddaşındadır: “Kəlbəcərdə bircə dəfə olmuşam. Başlıbel kəndindən jurnala gəlmiş şikayət məktubunu araşdırmışam. Yəni o dağların feyzini hiss etməmişəm. Qayğı və narahatlıq dolu bir səfər olub 1988-ci ildə”.
Bu rayonun insanlarını fərqləndirən xüsusiyyətlərə gəlincə, Səfər Alışarlı kəlbəcərliləri sevgi ilə xatırladığını söyləyib: “Bir az çobanfasondurlar, amma təmiz ürəkli, şücaətli, mərd adamlar olub əsasən tanıdıqlarım. Keçmişdə isə sazın-sözün ulu məskənlərindən biri olub Kəlbəcər. Çaykəndli şair Nəsib Nəbioğlu ilə Moskvada Ədəbiyyat İnstitutunun yataqxanasında 4 il bir otaqda yaşamışam. Onun sayəsində çox kəlbəcərliləri tanımışam. Böyük sevgi və nostalji ilə xatırlayıram onların hamısını. Amma Kəlbəcər kimi yeri düşmənə vermək olmaz. Çünki ora ruhən vətənin başlanğıcıdır”.
“Güclü və bacarıqlı olmaları ilə seçilirlər”
Müstəqil jurnalist Çingiz Sultansoy Kəlbəcər haqqında çox məlumata malik olmadığını və bu rayona bir dəfə də olsun getmədiyini bildirib. Bununla belə, müsahibimiz əlavə edib ki, Kəlbəcər bir çox faydalı qazıntıları ilə, gözəl balı, mineral suyu və dağ havası ilə tanınır.
Rayon insanlarını fərqləndirən xüsusuiyyətlərə gəlincə, Ç.Sultansoy söylədi ki, bu rayonun insanları güclü və bacarıqlıdırlar: “İnsanların nə ilə tanındığını bilmirəm. Yəqin bütün dağ insanları kimi güclü və bacarıqlı olmaları ilə seçilirlər. Digər sahələrdə təəssüf ki, elə də bir fərq görməmişəm”.
“Universitet illərini xatırlayıram...”
“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirib ki, bu rayonun adı ona universitet illərini xatırladır: “Kəlbəcər deyəndə ilk yadıma düşən istitutdur və ona yönəlik bir xeyli adamdır ki, xəstə gedib, sağalıb qayıtmalarından ağız dolusu danışıblar”.
V.Qazi eyni zamanda bildirib ki, bu rayonun adı çəkiləndə uşaq vaxtı Ağdamdakı küçələrindən səhər tezdən keçib gedən köç yadına düşür: “Köçü, onun üzü qırmızısifət çobanlarını xatırlayıram, hər il fermalar Kəlbəcərə yaylağa gedərdilər küçəmizdən”.
Kəlbəcərlilərin hansı xarakterinə görə tanınmasına gəlincə, V.Qazi “Kəlbəcər adamı deyəndə ilk baxışda sakit, şair sifət adam canlanır nəzərdə, amma əl tutub salam verəndə görürsən ki, əlin sanki məngənədə sıxılır. Yəni mərdlik daxillərindədir, tanımaq üçün gərək təmasın olsun”.
Sədaqət SÜLEYMANOVA