Modern.az

Magistratura imtahanlarının nəticələri açıqlandı

Magistratura imtahanlarının nəticələri açıqlandı

29 İyun 2011, 17:35

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə iyunun 26-da keçirdiyi qəbul imtahanlarının nəticələrini az öncə açıqlayıb.

TQDK-nın mətbiat xidmətindən Modern.az-a bildirilib ki, nəticələri artıq İmtahancell xidmətindən öyrənmək olar. Bunun üçün bakalavrların Azercell və Bakcell nömrələrindən iş nömrələrini 7727-yə SMS-lə göndərmələri kifayətdir.

İyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirilib.
TQDK-dan Modern.az-a verilən məlumata görə, bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 537 nəfəri imtahana gəlməyib.

"Bakalavrlara 1 saat 30 dəqiqə vaxt ayrılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb”-deyə TQDK-dan bildirilib.

TQDK-dan verilən məlumata görə, imtahanların nəticələrinə görə, ali məktəblərin magistraturası pilləsinə 4396 bakalavr qəbul olunub.

Bu il ilk dəfə olaraq imtahanın ikinci mərhələsində iştirak etmiş bakalavrların cavab kartlarının qrafik təsviri Komissiyanın internet saytında yerləşdirilib.

Qəbul olunanların siyahısı iyunun 30-da “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Qəbul olanlar 4396 nəfərdən 3050 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1346 nəfəri isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2112 nəfərini oğlanlar, 2284 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2011-ci il iyulun 4-dən 15-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Magistraturaya qəbul imtahanlarının II mərhələsində istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə bağlı müraciətlərə TQDK-da iyunun 30-da və iyulun 1-də baxılacaq. Qəbulun nəticələrinə dair müraciətlərə isə 26- 28 iyul 2011-ci il tarixində saat 9.00-dan 17.00-dək TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) baxılacaq.

Mail Ağaxanov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?