Bu gün Azərbaycanlı məcburi köçkünlərin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının qərarı elan olunub.
Modern.az-ın məlumatına görə, bu barədə Avropa Məhkəməsinin rəsmi saytında qeyd edilib.
Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarına əsasən Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.
Xatırladaq ki, 2005-ci ilin aprel ayında Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovlar Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət ediblər.
2015-ci ilin iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb.
Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.