86 saylı İsmayıllı Seçki Dairəsini Milli Məclisdə təmsil edən Novruz Aslanov 2011-ci ilin 6 ayı ərzində deputatlıq fəaliyyəti barədə hesabat açıqlayıb. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, bu günədək N.Aslanovun ünvanına 475 rəsmi müraciət və məktub daxil olub. Bunlardan 309 müraciətə aid məsələ tam olaraq həll edilib.
Bu müraciətlərdən 257-si ərzaq yardımı, 52-si isə digər məsələlərlə bağlı olub. Həlli zaman tələb edən məsələlər icraata götürülüb və aidiyyəti orqanlara müraciətlər edilib. 74 ərizəçiyə rəsmi cavab verilib.
Daxil olmuş ərizələrə əsasən, 58 deputat sorğusu və məktubu ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanmış və 12 cavab məktubu daxil olub. Bu məktublarda 100-ə yaxın ərizəçinin məsələsinə münasibət bildirilib. Deputat Novruz Aslanovun ünvanına 10-dan çox təşəkkür məktubu da daxil olub.
İsmayıllı rayonunun Uştalqışlaq, Vəng, Quşencə və Qalagah kəndlərinin hər birinə xeyir-şər mərasimləri üçün 1 ədəd çadır (100-150 nəfərlik) verilmiş, İsmayıllı rayonundan 2 nəfər, Bakı şəhərindən də 2 nəfər əlil müvafiq əlil arabası ilə təmin olunmuş, 7 nəfərə təhsil haqqının ödənilməsi üçün maddi yardım edilmiş, 7 nəfərə müalicə və tibbi əməliyyatın aparılması üçün maddi köməklik göstərilib. 15 nəfər rayon sakini təmənnasız tibbi müayinəyə göndərilib. 1 nəfərin İran İslam Respublikasında müalicəyə getməsi üçün yol xərcləri ödənilib. Almaniyada 1 nəfər gəncin əməliyyatına maddi köməklik edilməsi məqsədilə «Xəzər TV-nın» «Xeyir körpüsü» verilişinin çəkilişi təşkil edilib. Bir çoxlarına da məişət problemlərinin həlli üçün müvafiq yardımlar edilib. İsmayıllı şəhərində yerləşən məscidin həyətində köməkçi otağın tikintisi üçün yardım edilib.
Kənd arası yolların təmiri üçün Nəqliyyat Nazirliyinə ünvanlanmış məktub müsbət cavablandırılıb və bu il müvafiq işlərin görülməsi nəzərdə tutulub. Təbii qaz, elektrik enerjisi və içməli su məsələsinə dair müraciətlər də icraata götürülüb. 1 ərizəçi şikayətinə dair məsələ İsmayıllı Rayon Polis Şöbəsinə göndərilmiş və həll edilib.
İvanovka kənd tam orta məktəbinə «Heydər Əliyev Fondu» tərəfindən hədiyyə edilmiş 1 ədəd sərnişin avtobusunun istismarı üçün sürücü ştatının açılmasına dair pedaqoji kollektivin müraciəti müvafiq qaydada həll edilməsi üçün rayon icra hakimiyyətinin başçısına və rayon təhsil şöbəsinin müdirinə göndərilib və məsələ icraya yönəldilib.
Lahıc qəsəbəsində sakinlərin təqaüd, müavinət və digər vəsaitləri almaq məqsədilə «Kapital Bank»ın 1 ədəd bankomatı quraşdırılıb.
(Eyni məqsəd üçün keçən il Basqal qəsəbəsində də «Beynəlxalq Bank»ın 1 ədəd bankomatı quraşdırılıb.)
2 nəfərin evinin təmirinə lazımi tikinti materialının alınması üçün yardım edilib.
Leysan yağışlar nəticəsində sel sularının bir neçə kəndə vurduqları ziyanı nəzərə alaraq, əsasən məcburi köçkünlərin məskunlaşdığı Kökəltmə məntəqəsi adlanan ərazidə zərər çəkmiş 11 ailəyə Qızıl Aypara Cəmiyyəti tərəfindən lazımi humanitar yardımlar edilib. Həmçinin, evi yanmış 3 ailəyə də müvafiq yardımlar edilib.
Altı aylıq fəaliyyəti dövründə Novruz Aslanov İsmayıllı rayonuna 24 səfər edib. 16 qəbul İsmayıllı şəhərində, 4 qəbul kəndlərdə (Diyallı, Hacıhətəmli, İvanovka, Aşağı Zərnava kəndləri), 4 görüş isə müxtəlif tədbirlərdə keçirilib. Qəbula gələn seçicilərin sayı 650-ə yaxın olub. 1800-dən çox sakin görüş və tədbirlərdə iştirak edib.
“Bildiririk ki, rəsmi ərizələr ilə yanaşı deputata 100-dən çox şifahi müraciətlər də olub. Bu müraciətlərin əksəriyyəti həll edilib” –deyə deputat qərargahından bildirilib.
Modern.az