Modern.az

Milli Məclisdəki hansı rektor-deputat mətbuata daha açıqdır? (I yazı)

Milli Məclisdəki hansı rektor-deputat mətbuata daha açıqdır? (I yazı)

30 İyun 2011, 17:05

Parlament jurnalistlərinin cavabları ilə siz də tanış olun


Milli Məclisdə təmsil olunan 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları da var. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbacan Dillər Universitetinin rektoru Səməd Seyidov, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Milli Məclisin bu sıradan olan millət vəkilləridir. Bəs ali təhsil ocaqlarına rəhbərlik edən rektor-deputatlar mətbuata nə qədər açıqdırlar, jurnalistlər onlarla təmas yarada bilirlərmi?

Modern.az-ın əməkdaşı bu suala cavab tapmaq üçün parlamanetdə akreditə olunmuş jurnalistlərə müraciət edib.

APA-nın əməkdaşı Rəşad Süleymanov Milli Məclisdə təmsil olunan rektorlar arasında Abel Məhhərəmov və Səməd Seyidovu mətbuata açıq deputatlar hesab edir.
“Ötən sessiyalardan məlum olduğu kimi, bu iki deputat mətbuata daha açıqdır. Eyni zamanda,  yeni deputat seçilən Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovu da mətbuata açıq rektor hesab edirəm”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Milli Məclisdə mətbuata açıq rektorlar arasında ilk növbədə Abel Məhhəromovun adını vurğuladı:
“Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov baxamayaraq yeni deputat seçilib, o da daim jurnalistlərin sualllarını cavablandırır. İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə aradabir jurnalistlərin suallarına cavab verir, yəni onu tez-tez tutmaq olmur. Tək-tək hallarda Milli Məclisdə Şəmsəddin Hacıyevin jurnalistlərə açıqlama verdiyini görürük. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə əvvəlki dövrlərdən fərqli olaraq mətbuata bir o qədər də açıq deyil”.                                                                                                                             

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynlinin mətbuata açıq hesab etdiyi rektorlar bunlardır: Abel Məhhərəmov, Şəmsəddin Hacıyev, Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, Əhməd Vəliyev.
“Bu rektor deputatlar istənilən vaxt jurnalistlərin suallarını cavablandırırlar. Onlara göndərilən sorğulara, verilən suallara hər zaman ətraflı cavablar verirlər. Həm də təkcə universitet fəaliyyəti ilə əlaqədar yox, eyni zamanda qanunvericiliklə, öz fəaliyyətləri ilə bağlı da sualları hər zaman cavablandırırlar”.

“Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov bildirdi ki, jurnalistlərin maraq dairəsində olan deputatlardan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Səməd Seyidovdur. Həmkarımız Səməd Seyidovu siyasi səhnədə aktiv olduğu üçün daim jurnalısitlərin marağında olan deputat hesab edir.
“Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev siyasi cəhətdən aktiv olmasa da, ictimai cəhətdən aktivdir. Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlını isə tanımıram. Ümumiyyətlə, Milli Məclisdə jurnalistlərə açıq olan rektorlar Əhməd Vəliyev, İsa Həbibbəyli, Abel Məhhərəmov və Səməd Seyidovdur. Gülçöhrə Məmmədova isə son dövrlər elə də aktiv görsənmir”.
Mürtəza Bünyadov hesab edir ki, deputat olan rektorların heç biri jurnalistlərin suallarına qapalı deyillər.

“Kaspi” qəzetinin əməkdaşı Ilham Quliyev Abel Məhhərəmov və Şəmsəddin Hacıyevi Milli Məclisdə jurnalistlərə açıq rektorlar hesab etdiyini xüsusilə vurğuladı.
“Onlar mətbuatla, jurnalistlərlə çox sıx işləyirlər. İstənilən zaman Milli Məclisin foyesində jurnalistlərin suallarını cavablandırırlar”.
İ.Quliyev eyni zamanda Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun da jurnalistlərin suallarına cavab verən, mətbuata açıq deputat kimi qeyd etdi.
“Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevi və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın adlarını isə mediaya çox da açıq olmayan rektorlar kimi çəkə bilərəm”.

Modern.az xəbər portalının əməkdaşı Elşad Eyvazlı Milli Məclisdə təmsil olunan rektor-deputatlardan iki nəfəri mətbuata daha yaxın hesab edir. Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevlı əlaqə yaratmaq, açıqlama almaq jurnalistlər üçün daha asandır.

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli
isə ilk növbədə rektorların Milli Məclisdə təmsil olunmalarını kobud qanun pozuntusu sayır. Onun sözlərinə görə qanunvericilik məmurun deputat olmasına imkan vermir. “Ancaq indi bizdə bu məsələlər yaxşı tənzimlənmir. Məsələnin o biri tərəfinə gəlincə isə Abel Məhərrəmov mətbuata daha açıq insan təsiri bağışlayır. Hər iclasda jurnalistlər ona yaxınlaşır, suallarını ünvanlayır, o da həvəslə hər birini cavablabdırır. Digər rektorları isə mətbuata o qədər də açıq saymaq olmaz. Onlar arasında bir az Şəmsəddin Hacıyevi müəyyən qədər fərqləndirmək olar.

“Trend” İnformaisya Agentliyinin əməkdaşı Murad Əliyev hesab edir ki, Şəmsəddin Hacıyev komitə sədri olduğundan daim diqqət mərkəzindədir və jurnalistlər onun qoyduğu məsələlərlə maraqlanırlar.
“Ona görə Şəmsəddin Hacıyevi mətbuata açıq deputat hesab etmək olar. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov da son vaxtlara mətbuata açıqdır, jurnalistlərlə aktiv işləyir, onların suallarını cavablandırır. Amma əvvəllər o belə aktiv, mətbuata açıq deputat olmayıb. Aqiyə Naxçıvanlı isə ola bilsin ki, aktiv deyil, qanun layihələrinin qəbulunda fəal iştirak etmir, amma deyə bilərəm ki, o əvvəllər mətbuata daha açıq deputat olub, nəinki indi.
Əhliman Əmiraslanov da ilk dəfə millət vəkili seçilməsinə baxmayaraq, müsahibələr verir, ona ünvanlanan sualları cavabsız qoymur” deyə həmkarımız bildirdi.

“Yeni Azərbyacan” qəzetinin əməkdaşı Nardar Bayramlının isə sualımıza cavabı belə oldu: “Mən bütün mətbuatın adından danışa bilmərəm, amma “Yeni Azərbaycan” qəzetinin əməkdaşı olaraq qeyd edə bilərəm ki, Milli Məclisdə təmsil olunan hər hansı rektorla müsahibə götürmək üçün ona müraciət etdikdə müsbət qarşılanıb və heç bir problem olmayıb. Ancaq parlament miqyasında müsbət qiymətləndirirəm ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov nə vaxt jurnalistlər ona müraciət etsə, onların suallarını cavablandırır, eləcə də digər bəzi rektorlar. Bununla belə, bəzi rektorlar var ki, parlament foyesində onlara yaxınlaşıb suallar vermək üçün tapa bilmirik”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov isə Abel Məhərrəmov, Səməd Seyidov və Gülçöhrə Məmmədovanı mətbuata daha açıq rektorlar hesab edir. Onun sözlərinə görə bu deputatlar istənilən vaxt jurnalistlərin istənilən suallarına cavab verirlər.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfiqar Hüseynzadə mətbuata ən açıq rektorlar kimi Əhməd Vəliyev, Abel Məhərrəmov və Şəmsəddin Hacıyevin adını çəkdi. Onun fikincə, Milli Məclisdə təmsil olunan bu rektorlar jurnalistlərin istənilən sorğusuna yazılı və sifahi formada operativ şəkildə cavab verirlər. “Mən şəxsən onlardan razıyam” deyə həmkarımız bildirdi.

“Azadinform” İnformasiyaq Agentliyinin əməkdaşı Mübariz Aslanov hesab edir ki, mətbuata daha çox açıq olan rektorlar Şəmsəddin Hacıyev, Abel Məhərrəmov və Səməd Seyidovdur.
“Səməd Seyidov eyni zamanda komitə sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi daha çox gündəmdədir. Eləcə də Şəmsəddin Hacıyev də komitə sədri olduğundan mətbuata yaxındır. Bundan əlavə, Abel Məhərrəmovun da müxtəlif məsələlərə dair çıxışlarını izləyirik”.
M.Aslanov qeyd etdi ki, elə rektorlar var ki, onlar nəinki mətbuata açıqdırlar, heç iclaslarda da iştirak etmirlər.
“Nəzərə almaq lazımdır ki, rektor kimi onlara Milli Məclisdə təmsil olunmaq şansları verilib. Milli Məclisdə siyasi, hüquqi məsələlərlə yanaşı, sosial məsələr də müzakirə olunur və onlar qanunvericliyin qəbulunda daha aktiv olmalıdırlar. Bununla onlar həmin boşluğu doldura bilərlər. Ancaq rektorların Milli Məclisdə fəaliyyətləri qənaətbəxş deyil”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Milli Məclisdə mətbuata daha açıq rektor olaraq Abel Məhərrəmov və Əhliman Əmiraslanovun adını çəkdi.
“Digər rektorlardan Səməd Seyidovla danışmaq çox çətindir. Ağacan Abiyevi isə mətbuata açıq hesab etmək olmaz”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu deyir ki, bu gün sənətindən, peşəsindən asılı olmayaraq insanların, siyasətçilərin, millət vəkillərinin mətbuatın nə demək olduğunu bilməmələrinə, düzgün qiymətləndirməmələrinə, sayğısızlıqla yanaşmalarına təəssüflənir. Onun sözlərinə görə bəzi siyasətçilər, millət vəkilləri jurnalsitlərin yanından saymazyana ötüb keçir, onların suallarını cavablandırmırlar.
“Və çox təəssüflər olsun ki, bəzi insanlar, istər siyastəçilər, istər millət vəkilləri bu cür düçüncədən uzaqlaşa bilməyiblər.
Rektorlara gəlincə isə deyə bilərəm ki, son vaxtlar Abel Məhərrəmov və Əhliman Əmiraslanov mətbuata daha açıq və daha sayğılıdırlar. Nisbətən Şəmsəddin Hacıyevi də bura aid etmək olar, onu da əgər foyedə tutmaq mümkün olsa. Digər rektorlar isə mətbuatda görünməyə üstünlük vermirlər. Səməd Seyidov rektor kimi yox, daha çox Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri kimi jurnalistlərlə təmasda olmağa meyl göstərir. Rektor kimi isə təmasda olmağa üstünlük vermir” deyə K.Həmzəoğlu bildirdi.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı jurnalsitlərin daha çox Bakı Dövlət Universitetinin rektoru Abel Məhrrəmov və Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidovu danışdırığını deyir.
“Eyni zamanda bu iki universitetin mətbuat xidmətləri də mətbuatla yaxşı işləyirlər. Nisbətən də Aqiyə Naxçıvanlının ara-sıra çıxışlarını mətbuatda görürük. Digər rektrolar haqqında bunu deyə bilmərəm. Ancaq onu qeyd edə bilərəm ki, mətbuatdan tam imtina edən rektora Milli Məclisdə rast gəlməmişəm”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB