Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
E.Babayev qeyd edib ki, onlar yaşayış yeri olmayan və yaşı 18-dən yuxarı olan şəxslərdir:
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağın və baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin yaradılması ölkəmizdə sosial xidmətlər sisteminin daha da genişlənməsinə imkan yaradıb.
Artıq iki aya yaxındır ki, fəaliyyət göstərən bu müəssisələrə həmin dövrdə müvafiq kateqoriyalardan olan 25 nəfərədək şəxs qəbul olunub və onlara burada stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilib”.
Nazirlik rəsmisi bildirib ki, sığınacaqda yaşayış yeri olmayan şəxslər üçün hər bir şərait yaradılıb:
“Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik sosial sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, komputer və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb. Müvafiq şəxslər bu müəssisələrdə sosial reabilitasiya yönümlü sosial xidmətlərə də cəlb olunurlar”.