Bu gündən “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər qüvvəyə minib. Modern.az saytının məlumatına görə, dəyişikliklərə uyğun olaraq 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 1 iyul tarixindən yenidən hesablanacaq.
Hesablamalarımıza əsasən, 845 min nəfərin pensiyası orta hesabla 40 faiz artacaq.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov pensiyaların hesablanması qaydasını belə izah edib. "Məsələn yaşa görə 1995-ci ildə pensiyaya çıxmış və ümumi stajı- 38 il olan təhsil işçisinin pensiyası 85 manatdan 158,72 manata (Staj 38 il x1,94=73,72; 73,72 +85=158,72 manat) çataçaq. Yaxud yaşa görə 1993-cü ildə pensiyaya şıxmış ümumi stajı 40 il olan səhiyyə işçisinin pensiyasının məbləği 85 manatdan 162,60 manata (Staj 40 il x1,94=77,60; 77,60 +85=162,60 manat), yaşa görə 1992-ci ildə pensiyaya çıxmış ümumi stajı 44 il olan kitabxana işçisinin pensiyanın məbləği 85 manatdan 170,36 manata (Staj 44 il x1,94=85,36; 85,36 +85=170,36 manat) çatdırılacaq.
Modern.az