Modern.az

QHT Şurası bir müsabiqəyə yekun vurdu və yeni müsabiqə elan etdi

QHT Şurası bir müsabiqəyə yekun vurdu və yeni müsabiqə elan etdi

1 İyul 2011, 18:43


Modern.az
xəbər verir ki, iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası olub. Şura sədri Azay Quliyev iclası açaraq gündəlikdə duran məsələləri elan edib.
16 may 2011-ci ildə turizm mövzusunda elan edilmiş müsabiqənin yekunları ilə bağlı qeyd edilib ki, müsabiqə çərçivəsində Şuraya 55 QHT-dən layihə təklifi daxil olub. 9 QHT-nin layihə sənədləri Şuranın tələblərinə cavab vermədiyi üçün ilkin seleksiya mərhələsində müsabiqədən uzaqlaşdırılıb. 46 layihə təklifi ekspertizaya göndərilib. Şura ekspert rəylərini və QHT-lərin əvvəlki illərdə həyata keçirdiyi layihələrin icra vəziyyəti haqqında Katibliyin hazırladığı arayışları nəzərə alaraq, 28 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edib.

Müsabiqənin ilkin fondu 80.000 manat təşkil etsə də, Şura mövzunun və layihələrin aktuallığını nəzərə alaraq, bu məbləğə daha 30.000 manat əlavə edib.  

Müsabiqə qaliblərinin siyahısı Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib.

Müsabiqənin nəticələrilə bağlı apelyasiya ərizələri Şuranın Katibliyində 8 iyul 2011-ci il saat 15.00-dək qəbul edilir.

Gündəliyin 2-ci bəndinə uyğun olaraq, Şura 2011-ci il üçün yeni maliyyə yardımı müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edib. Müsabiqə elanı və müvafiq sənədlər toplusu Şuranın qhtxeber.az və cssn.gov.az saytlarında yerləşdirilib.

Gündəliyin 3-cü bəndinə uyğun olaraq, Şuranın 2011-ci ilin II rübündəki fəaliyyəti haqqında hesabatla Katibliyin icraçı direktoru Fərasət Qurbanov çıxış edib. Rüb ərzində görülmüş işlər Şura üzvləri tərəfindən bəyənilib, hesabata əlavə və təkliflər irəli sürülüb. Hesabatın mətni ilə Şuranın qhtxeber.az saytında tanış olmaq mümkündür.

Gündəliyin 4-cü bəndinə uyğun olaraq,  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda Şuranın üzərinə düşən vəzifələr - QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, QHT-lərə dövlət büdcəsindən subsidiyanın ayrılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, QHT-lərin müsbət təcrübəsinin yayılması və region QHT-lərinin inkişaf etdirilməsi barədə məsələ müzakirə edilib. Bu vəzifələrdən irəli gələrək, Şuranın 2011-ci il fəaliyyət planında müəyyən dəyişikliklərin edilməsi və bir sıra tədbirlərin həyata keçirilməsi barədə Katibliyə tapşırıqlar verilib. 

Cari məsələlər sırasında Şura sədri Azay Quliyevin Budapeşt şəhərinə, Şura üzvü Əliməmməd Nuriyevin Brüssel şəhərinə səfərləri ilə bağlı məlumatlar dinlənilib və QHT fəaliyyətinə aid digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

QHT Şurası yeni müsabiqədə aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək:

SN

Mövzuların adı

1 layihənin maksimum məbləği

1

İctimai davranış qaydalarının təkmilləşməsinə dair təşəbbüslər

5 000,0

2

Ailə institutunun güclənməsinə dair təşəbbüslər

4 000,0

3

Dövlət rəmzlərinin təbliğinə dair təşəbbüslər

4 000,0

4

Azərbaycanla əlaqədar xarici ölkələrdə tədbirlərin təşkili

7 000,0

5

Gənclərin İKT imkanlarından daha səmərəli istifadə etməsinə dair təşəbbüslər

5 000,0

Müsabiqənin ümumi fondu 100 min manat təşkil edir.

Ərizələr  04 iyul 2011-ci il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizələrin son qəbulu  29 iyul 2011-ci il saat 16.00-dır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal