Modern.az

Azərbaycanda ən güclü zəlzələ 15 noyabrda baş verib  

Azərbaycanda ən güclü zəlzələ 15 noyabrda baş verib   

19 Dekabr 2017, 14:29

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA Yer Elmləri bölməsi və Mərkəzin Elmi-Texniki Şurasının birgə iclası keçirilib.
Modern.az xəbər verir ki, AMEA Yer Elmləri bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda AMEA nəzdində RSXM-nin 2017-ci ildə apardığı elmi və elmi-istehsalat  işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib.

Baş direktor çıxışı zamanı bildirib ki, RSXM-nin bütün şöbələri üzrə illik hesabatlar təqdim edilib və illik hesabat həmin nəticələr əsasında hazırlanıb. Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Qurban Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında danışarkən 2017-ci il ərzində hesabat gününə qədər 8934 yeraltı təkan qeydə alınmışdır. Onlardan 3642 yerli,  2087 yaxın və 3205 uzaq  zəlzələlərdir. İl ərzində  Azərbaycan ərazisində  maqnitudası 3-dən böyük olan (ml≥3) 78 zəlzələ qeydə alınıb və onlardan 26 hiss olunan zəlzələlərdir.


Baş direktor onu da əlavə edib ki, 2016-cı ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı  azalıb, ayrılan seysmik enerjinin miqdarı artıb. Belə ki, 2016-cı ildə Azərbaycan ərazisində  zəlzələlərin sayı 4528, ayrılan seysmik enerjinin miqdarı ∑E=48.7 •1011C, ən yüksək maqnituda ml=5.6 olduğu halda, 2017-ci ildə zəlzələlərin sayı 3642, ayrılan seysmik enerjinin miqdarı ∑E=86.5 •1011C, ən yüksək maqnituda ml=5.7 olub. Azərbaycan  ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 km-dir. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 km-ə artması, Xəzər akvatoriyasına keçməsi ilə əlaqadardır.


Hesabat ili ərzində ən güclü hadisə Agdam ərazisində baş verib. 15 noyabr yerli vaxtla saat 23:48:02-də Ağdam ərazisində maqnitudası ml=5.7 olan zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

15 noyabr 2017-ci ildə baş vermiş Ağdam zəlzələlərindən sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb.


Bu il mayın 5-i saat 03:24-də Saatlıda maqnitudası ml=5.4 olan zəlzələ baş verib. Zəlzələ Saatlıdan  24 km cənub-şərqdə Saatlı ərazisində, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 48 km-dir. 
İmişli ərazisində güclü maqnitudası ml=5.6, intensivliyi 5 bal olan zəlzələ baş verib. Bu hadisələrin baş verməsi son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşməsini təsdiq edir. Müəyyən olunub ki,  zəlzələlər Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verib.


2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində seysmik aktivlik fon səviyyəsindən aşağı olub.

Qurban Yetirmişli çıxışı zamanı həmçinin il ərzində aparılan geofiziki, geokimyəvi  və geodinamik tədqiqatların nəticələri, beynəlxalq əməkdaşlıq və gənc kadrların hazırlığı kimi məsələlərə də toxunub. AMEA-nın Yer Elmləri bölməsinin üzvlərinin hesabatla bağlı sualları cavablandırıldıqdan sonra, akademik  Pərviz Məmmədov, akademik Hətəm Quliyev və akademik Arif   İsmayıl-Zadə çıxış edərək hesabatı yüksək qiymətləndirib, gələcəkdə görüləcək işlərlə bağlı öz təkliflərinin səsləndiriblər. Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər