“Lider” TV-də yayımlanan "Status” verilişinin canlı efirində deputat Fazil Mustafa ilə tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli arasında gərginlik yaşanıb. D. Əzimli Babəklə bağlı müzakirə zamanı onun Azərbaycanın tarixi şəxsiyyəti və cəsur türk sərkərdəsi olduğunu deyib. Fazil Mustafa isə Babəkin türk olmadığını iddia edib və tarixçini "savadsız” adlandırıb.
D.Əzimli deputata onun tarixdən xəbərsiz olduğunu bildirərək, "özünsən savadsız” deyib.
Bu baxımdan maraqlıdır, tarixi şəxsiyyətlərin, xüsusiləd də Babəkin dəfələrlə müzakirə edilməsi bizə nə qazandırır?
Məsələ ilə bağlı Modern.az saytı tarixçilərə müraciət edib.
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti Boran Əziz bildirib ki, mütəxəssislər arasında belə müzakirələrin aparılması tam normaldır:
“Təəssüf olsun ki, öz işi məşğul olmayan, öz sahəsində uğur qazana bilməyənlər əhalinin diqqətini problemlərdən yayındırmaq üçün vaxtaşırı belə məsələlər ortaya atır. Babəklə, ya da Azərbaycan xalqının milli-mənəvi dəyərləri ilə bağlı məsələlərlə insanları yüngül olmayan fikrə yönəldirlər. Biz Fazil Mustafanın savadlı, düşüncəli hesab etsək də, bu məsələdəki mövqeyini harasa yarınmaq kimi qiymətləndiririk. Gənc tarixçi Dilavər Əzimlinin mövqeyini isə doğru hesab edirəm.
Ümumiyyətlə, mütəxəssislər arasında belə müzakirələrin aparılması tam normaldır. Amma bu problemlərlə bağlı kifayət qədər məlumatı olmayan , mənbələrlə tanış olmayan, adamlarda səhv fikir yaratmaq istəyini normal qəbul etmirəm. Həm də özünü hamıdan ağıllı, daha fərqli düşünən adam kimi göstərmək də bir xəstəlikdir”.
Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov qeyd edib ki, elə tarixi adamlar var ki, onların şəxsiyyətləri müzakirə obyekti ola bilməz:
“Babəkin türk olub-olmaması nəyi dəyişdirir? Təbii ki, heç nəyi. İkincisi, niyə tarixlə tarixçilər məşğul olmur? Elə elm var ki, onun həvəskarları xəta törədə bilər. Tutaq ki, kimyaçılar hər hansı təcrübə keçərkən hansısa maddəni düz götürməyəndə həmin laboratoriyada partlayış olur. Təsəvvür edin ki, tarix də belədir. Digər tərəfdən Babəkin əzəməti kiminsə onun haqqında danışması ilə kiçiləcək?
İndi təzə dəb yaranıb. Sovet höküməti dövründə təriflənən şəxsləri indi kiçiltmək lazımdır. Niyə? Məgər Babəki Sovet dönəmində yüksəltmişdilər? Abbasqulu Ağa Bakıxanov sovet dövründə yaşamayıb ki, o da Babəkin böyüklüyünü vurğulayırdı. Gündəm xatirinə ona-buna qara yaxmaq lazım deyil. Obyektiv fikir demək istəyirlərsə, buyursunlar. Elə tarixi adamlar var ki, onların şəxsiyyətləri müzakirə obyekti ola bilməz. Bunlardan bir neçədi Babək, Şah İsmayıl Xətai, Şah Abbas, Nadir şah, Ağa Məhəmməd Şah Qacardır...Ümumiyyətlə, tarixi təftiş etmək olmaz. Tarixdən nəticə çıxarmaq lazımdır”.