Modern.az

Lənkəranda “Çay, çəltik, sitrus festivalı”

Lənkəranda “Çay, çəltik, sitrus festivalı”

Aktual

19 Dekabr 2017, 18:30

Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə Lənkəran ötən əsrin 70-80-ci illərində qazandığı uğurlara görə respublika səviyyəsində keçirilmiş ilk məhsul bayramlarına ev sahibliyi etmişdir.

 

Azərbaycan xalqının həyatında çox mühüm yer tutmuş el şənliklərindən biri kimi bu məhsul bayramları insanlarda torpağa və əməyə rəğbət hissi formalaşdırmış, onları zəhmətə alışdırmışdır. 1979-cu ildə Azərbaycan xalqının ümummilli lideri Lənkərana növbəti səfəri zamanı 9-cu ənənəvi Məhsul bayramında iştirak etmiş və bu bayramı yüksək qiymətləndirərək onu respublikaya örnək göstərmişdir. Çox fərəhli haldır ki, bu gün Lənkəran Ulu Öndərimizin layiqli davamçısı cənab Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yenidən özünün sürətli inkişaf dövrünü yaşayaraq sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atmış və əvvəlki şöhrətli dövrünə qayıda bilmişdir. Lənkəranın çayçılıq, çəltikçilik, tərəvəzçilik və sitrus təsərrüfatları ilbəil böyük nailiy-yətlər qazanırlar. Rayonda genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, bol məhsul istehsal olunur, insanların rifah halı getdikcə yaxşılaşır. Xüsusilə ölkə başçısının yüksək diqqəti sayəsində kənd təsərrüfatının bütün sahələri, xüsusilə çayçılıq, çəltikçilik və sirtus meyvəçiliyinin inkişafı sahəsində böyük uğurlara nail olunmuşdur. Gərgin əmək, böyük zəhmət bahasına əldə edilmiş bu uğurların yekunlarını alnı-açıq, üzüağ qarşılayan Lənkəran bu festivala sonsuz sevinc hissi ilə hazırlaşıb.

 

 

Respublikada ilk dəfə olaraq Lənkəranda çay, çəltik, sitrus festivalının keçirilməsi insanlarda əmə-yə münasibəti daha da saflaşdıracaq, yeni zəfərlərə ruhlandıracaq, məhsul bolluğuna, torpaqdan maksimum səmərəli istifadəyə və insanların maddi-rifah halının daha da yüksəlməsinə geniş imkanlar yaradacaqdır. Bu festivalın təkcə kənd təsərrüfatını deyil, rayonun bütün idarə və təşkilatlarını əhatə etməsi isə ümumxalq əhəmiyyəti daşıyaraq rayonun sosial-iqtisadi inkişafı və mədəni quruculuq işlərinin yekunları kimi təqdim olunacaq. Bu kütləvi tədbir “Çay, çəltik, sitrus festivalı” adlansa da, əslində bütün sahələri əhatə edən məhsul bolluğu bayramı xarakterini daşıyacaqdır.

 

 

“Çay, çəltik, sitrus festivalı” digər ictimai tədbirlərdən özünün illik hesabat və möhtəşəmlik xarakteri, eləcə də kütləviliyi ilə fərqləndiyi üçün bu bayram tədbiri Lənkəran şəhərinin ən böyük və sevimli məkanında- Heydər Əliyev xatirə parkında keçirilir. Parkın giriş hissəsində “Qala” dekorasiyası qurulmuş, darvazanın qarşısında xəncər-qalxanlı, nizə-dəbilqəli iki əsgər durmuşdur. 1 saylı Uşaq Musiqi məktəbinin balabançalanları “Cəngi” çalaraq festivalı başlayır. Bu musiqi sədaları altında rəsmi qonaqlar simvolik Qala darvazasından tarixi Lənkəran qalasının ərazisinə daxil olurlar. Girişdə 5-ə yaxın müxtəlif sitrus ağaclarının manqalları qoyulmuş, burada xonçalı qızlar durmuşdur. Xonçalarda müxtəlif sitrus meyvələri təqdim olunur. Parkın müxtəlif yerlərinə bayramın atributları- banerlər, butaforlar qoyulmuş, bayraq lentləri vurulmuş, yaxınlıqdakı inzibati binaların fasadından iri pannolar, Heydər Əliyev Mərkəzinin giriş hissəsindən isə iri limon, mandarin, çay və çəltik butaforları asılmışdır. Meydanın tən ortasında havada nəhəng şar diqqəti cəlb edir. Bu şarın üzərində “Çay, Çəltik, Sitrus Festivalı” sözləri yazılmışdır. Parkın mərkəzi hissəsində festivalda öz məhsulları ilə iştirak edən müəssisələr üçün hər biri 30 metr uzunluqda 4 böyük pavilyon, 100-ə yaxın stend və sərgi tumbası qurulmuşdur. Rəsmi qonaqlar ümummilli lider, Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək düzürlər. Heydər Əliyev Mərkəzinə doğru meydanda festivalın açılış lenti kəsilir. Lənkəran Mədəniyyət Mərkəzinin qızlardan ibarət rəqs ansamblı “Azərbaycan çayı” rəqs-kompozisiyasını təqdim edir. Sonra “Çayımızın dadı var” adlı çayçılıq pavilyonuna baxış keçirilir. Bu pavilyonun içərisində festivala “Yaşıl Çay Fermer Təsərrüfatı MMC”, “Tuado-çay MMC”, “Snax MMC (Beta), “Lənkəran çay 5” ASC, “Gilan Lənkəran” çay fabriki, “Sun-Tea çay fabriki” MMC və “Astaraçay” MMC öz məhsulunu çıxartmışdır.

 

Hər müəssisənin sərgisinə həm də onun məhsulunun dekustasiya stolu daxildir. Stolun üstündə bu müəssisələrin istehsalı olan çaylar dəmlənir, eləcə də müxtəlif şirniyyat çörəkləri, bal və mürəbbələr təqdim olunur. Burada “Alov” və “İpək yolu” Şirniyyat evlərinin və eləcə də tanınmış balçıların, mürəbbə ustalarının sərgiləri diqqəti cəlb edir. Pavilyonun divarına Lənkəranda istehsal olunan çay növlərinin adları qeyd olunmuşdur. Populyar müğənni Cavad Rəcəbov məşhur “Lənkəran” mahnısını ifa edir. Növbəti pavilyon “ Lənkəran düyüsü – dillər əzbəri” adlanır və çəltikçiliyə həsr olunur. Burada Cənub Aqro MMC, Astaraçay MMC, Girdəni və Ürgə kəndlərindən olan çəltikçilər öz məhsulunu təqdim edir. Pavilionun divarına “Ənbərbu”, “Haşimi”, “Həsəni”, “Qırmızı Ənbərbu”, “Çampo”, “Sədri” düyü növlərinin adları yazılmışdır. Aşbazlar bu düyülərdən 20 adda plov bişirib sərgiyə çıxartmışdır. Plov süfrəsi həm də müxtəlif ət və cücə yeməkləri ilə təqdim olunur. Folklor “Nənələr” qrupu festival iştirakçılarının qarşısında yeni nəğmələri ilə çıxış edir. “Sitrus bağlarının möcüzəsi” adlı növbəti pavilionun içərisində festival iştirakçıları hər növ sitrus meyvəsini, onun şirəsini, kampotunu təqdim edir. Pavilionun divarına “Limon”, “Mandarin”, “kivi”, kinkan”, “portağal” ,“feyxoa” və “hallaobonq” meyvələrinin adları yazılmışdır. Aşbazlar bu meyvələrdən müxtəlif maraqlı fiqurlar düzəltmişlər. Tanınmış müğənni Zaur Babayev şirin el mahnısını ifa edir. Digər bir pavilion “Qonaq evin ruzi-bərəkətini artırar” adlanır. Bu pavilionda Lənkəranın ən məşhur “4 fəsil”, “Palıdlı sahil”, “Palmalive”, “Xan Lənkəran”, “Qafqaz-otel”, “Boranı” və “Xezer –palase” otel-restoranları festival süfrələri açmışdır. Gənc müğənni Qurban Nəzərov “Xan Lənkəran” mahnısı ilə tamaşaçıların zövqünü oxşayır.

 

Yeni mövqedə Lənkəran Mədəniyyət Mərkəzi festivala “Dəmirağacı-V” Sənətkarlıq Sərgisi ilə qatılmışdır. Sərginin bir hissəsində yerli ustaların canlı iş prosesi nümayiş olunur. Lənkəranın Mərkəzi Kitabxana Sistemi yerli müəlliflərin yeni kitablarının stendlərini, Tarix-diyarşünaslıq muzeyi isə səyyari sərgisini nümayiş etdirir. “Naməlum əsgər” abidəsinin önündə 1 saylı musiqi məktəbinin xalq çalğı alətləri orkestri və gənc müğənnilər “Heyratı” ritmik muğamını ifa edir. Sonra 1 və 2 saylı uşaq musiqi məktəblərinin birləşmiş xorunun ifasında “Azərbaycan” mahnısı səslənir. 16 saylı uşaq bağçasının balaca fidanları “Azərbaycanımız” kompozisiyası ilə çıxış edir. Burada şəhər uşaq bağçalarının “Dünyanın hər yerində, qoy sevinsin uşaqlar” adlı sərgisi qurulmuşdur. Bu sərgidə uşaqlar çay, çəltik, sitrus bitkilərinə aid kompozisiyalar təqdim edir.

 

 

Yerli dekorativ sənət ustası Tərlan Sadıqov və heykəltaraş Məmmədsadıq Axundov canlı iş prosesini və əl işlərini təqdim edir. Lənkəran Mədəniyyət Mərkəzinin oğlanlardan ibarət “Çölləmə” rəqs qrupu “Şalaxo” rəqsi ilə festivala rəng qatır. Lənkəran Uşaq Rəssamlıq Məktəbinin “Rənglərin zəhmət ətirli rayihəsi” sərgisi tamaşaçıların diqqətini cəlb edir. Bu sərgidə bütün rəsmlər sərginin mövzusuna tam müvafiqdir. Tanınmış rəssam Adil Əsədli özünün rəngli boya ilə çəkdiyi əsərlərini molbertlərin üstün düzmüşdür. Gənc müğənni Nurlan Ziyadoğlu M.Müşfiqin sözlərinə yazdığı “Rəssam” mahnısını ifa edir. Daha bir məkanda qızlar ansamblı “Lənkəranım” rəqsi ilə çıxış edir. Qarşıdakı böyük ərazidə Lənkəranın tanınmış şirkət və müəssisələri: “Nur-süd”MMC, Lənkəran Konserv Kombinatı, Gilan-Lənkəran Konserv zavodu, “Dostluq –Optimal” su zavodu, Mexanikləşdirilmiş zavod və Lənkəran-kərpic ASC məhsullarını nümayiş etdirir. Lənkəran Dövlət Universiteti, Dövlət Humanitar Kollec, Gənclər və İdman İdarəsi, Şəhər Tibb kolleci, Səhiyyə şöbəsi və Təhsil şöbəsi də özünün əmək göstəricilərilərilə bağlı stendlər nümayiş etdirir. 2 saylı uşaq musiqi məktəbinin balabançalanlar qrupu bayram təranələri, 4 saylı humanitar litseyin şagirdləri isə “Limon” rəqsini ifa edir.

 

 

Məşhur “Şalı-şalı” rəqsi və müğənni Əhməd Kərimovun ifasında şən, oynaq mahnı bayramın ovqatına əlavə rənglər qatır. Lənkəran ŞİH başçısı cari ildə yüksək əmək göstəricilərinə nail olmuş bir sıra şəxslərə Fəxri Fərmanlar, mükafatlar və qiymətli hədiyyələr təqdim edir. Sonda tanınmış müğənni Mətanət Babayeva “Azərbaycan” mahnısını oxuyur. Ona bağça uşaqları və bütün rəqs qrupları qoşulur. Fişənglər yanır, xatirə fotoları çəkilir. Festivalın bu mərhələsindən sonra bütün sərgilər satış yarmarkasına çevrilir. Vüsal Bağırov və Murad Tahir yarmarka zamanı yeni mahnılarını ifa edir.

Festival respublikanın tanınmış incəsənət ustalarının ifasında böyük bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər