Modern.az

Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti səfərə hazırlaşır

Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti səfərə hazırlaşır

2 İyul 2011, 15:51

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Milli Məclisin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyəti iyulun 4-dən 11-dək Serbiyanın Belqrad şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurumun 20-ci yay sessiyasında iştirak edəcək nümayəndə heyətimizin tərkibinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, deputatlar Ağalar Vəliyev və Azay Quliyev daxildirlər.

Beş gün davam edəcək sessiya “ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni start” mövzusuna həsr olunub. Öncə qurumun Daimi komitəsinin toplantısı keçiriləcək, 2011-2012-ci maliyyə ili üçün büdcənin qəbul edilməsini və bir sıra  təşkilati məsələləri əhatə edən  gündəlik qəbul olunacaq.
Sonra gender məsələlərinin müzakirə ediləcəyi plenar iclas öz işinə başlayacaq. Birinci plenar iclası giriş sözü ilə ATƏT PA-nın sədri Petros Eftimiu açacaq.
Qurumun Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclaslarında ATƏT-in səmərəliliyinin və fəaliyyətinin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılacaq. Müzakirələrin yekununda müvafiq qətnamələr qəbul olunacaq. Qətnamə layihələrində bəşəriyyətin ekstremizm, radikallıq, terrorizm, irqçilik, ksenofobiya kimi neqativ cərəyanlardan qorunması kimi ciddi problemlər öz əksini tapıb. Müasir dünyada kibertəhlükəsizliyin möhkəmləndirilməsində  ATƏT-in mövqeyi, qurum daxilində miqrasiya siyasətinin koordinasiyası məsələləri əhatə olunub. Ciddi ictimai həyəcan doğuran cinayətlərə, o cümlədən transmilli cinayətlərə, beynəlxalq miqyaslı uşaq oğurluğu hallarına, insan orqanlarının qeyri-qanuni ticarətinə, təchizat sistemində işçi qüvvəsindən alver məqsədilə qeyri-qanuni  istifadəyə qarşı mübarizə məsələlərinə qətnamələrdə xüsusi yer verilib. Qadın və kişi bərabərliyinin təmin edilməsi siyasətinin genişləndirilməsi, eləcə də ATƏT PA-da qadınların təmsil olunması məsələsi də diqqət mərkəzindədir.

Milli Məclisin vitse-spikeri və ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, deputatlarımız qurumun plenar iclaslarında, eləcə də ümumi komitələrin toplantılarında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları baxımından münasibət bildirəcək, rəy və təkliflərini ATƏT PA-nın 20-ci yay sessiyası iştirakçılarının nəzərinə çatdıracaqlar. 
Nümayəndə heyətimiz iyulun 11-də vətənə dönəcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı