Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Modern.azxəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlunun üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.
Daha sonra beşinci üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransı keçirilib.
Nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri razılığa gəlib ki, bu formatda görüşləri davam etsin, əməkdaşlıq daha da genişləndirilsin, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə edilsin.
Elmar Məmmədyarov görüşdə Fələstin məsələsi ilə bağlı da müzakirələrin aparıldığını deyib. Bildirib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasında qəbul olunacaq sənədin lehinə səs verəcək.
"Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq".
Enerji sahəsində əməkdaşlığa toxunan nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək.
"Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik".