Payız fəslinin gəlişinin xarakterik əlamətlərindən biri ağacların yarpaqlarının tökülməsidir. Bakı şəhərindəki bəzi yolların kənarında yarpaqtökən ağaclara tez - tez rast gəlmək olar. Küləkli havalarda yarpaqları təmizləyən yaşlı süpürgəçi qadınlar böyük əziyyət çəkirlər.
Məsələn, olmazdımı belə ağacları həmişəyaşıl zeytunla əvəzləsinlər? Zeytun həm Bakının iqiminə uyğun ağacdır, həmn də sağlamlıq üçün xeyirlidir.
Ekoloq Telman Zeynalov Modern. az-a bildirib ki, bu sahədə ən böyük problem yerə tökülən yarpaqların süpürülüb yandırılmasıdır:
“Yarpaqlar tökülərkən onları ağacın dibinə yığıb torpağın özünə vermək lazımdır. Ancaq bizim süpürgəçilər yandırırlar. Özüm də bir neçə dəfə buna rast gəlmişəm. Soruşuram, nə edirsiniz, deyirlər ki, müdirimiz əmr edib ki, yarpaqları yığışdırıb yandırın”.
Telman Zeynalov qeyd etdi ki, buna əsla yol vermək olmaz. O, saralıb tökülən yarpaqların torpaq üçün lazım olan gübrə olduğunu qeyd edib. Ekoloqun sözlərinə görə, həmin yarpaqları çürüdüb yenidən torpağın özünə vermək lazımdır.
Telman Zeynalovun sözlərinə görə, yarpaqtökən ağacları həmişəyaşıl ağaclarla əvəz etmək mümkün deyil: “Təbiətə o qədər müdaxilə etmişik ki, qasırğalar tufanlar baş alıb gedir.Təbiətə münasibətdə diqqətli, insaflı olmaq lazımdır. Bu problemin həlli üçün ən yaxşı yol budur ki,yarpaqlar düşdükdən sonra onlar çürüsün, onlar torpağa qarışsın və yenidən ağaca getsin”.
Əbülfəz Kərimov