XXI əsrdə təhsil alanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. Alimlərin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, stress və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının yalnız 2-15 faizi yetkin həyata sağlam fərdlər kimi daxil olur.
Uşaqlar arasında geniş yayılmış sümük-əzələ sistemi xəstəliklərindən biri skoliozdur. Bu xəstəlik uşağın skeletində ağır, cox vaxt geri dönməyən deformasiyaya səbəb olur. Araşdırmalar göstərir ki, hərəkət azlığı (hipodinamiya) əzələ inkişafının zəifləməsinə, uşaqlarda skoliozların daha da artmasına səbəb ola bilir. Dünyanın bir çox araşdırmaları göstərir ki, 75 faizə qədər uşaq hipodinamiyadan əziyyət çəkir. Oturaq həyat tərzi keçirən uşaqlarda qan dövranının sürəti yavaşıyır, nəticədə daxili orqan və sistemlərin qidalanması pozulur.Bu da inkişafda olan orqanizmə hiss olunan dərəcədə mənfi təsir edir. Uşaqların, xüsusən də məktəb yaşlı uşaqların oyaq vaxtının 25 faizini sinifdə oturaq vəziyyətdə keçirməsi bu problemi daha da dərinləşdirir. Fizioloji nöqteyi-nəzərdən lazımi yük almayan əzələlər illər ərzində zəifləyir, ümumi bədən qan dövranına, orqan və sistemlərin inkişafına mənfi təsir gəstərir. Nəticə olaraq,qamət pozuntuları, skolioz, kifoz, lordroz və digər xəstəliklərin yaranması və inkişafına zəmin yaranır. Uşaq və yeniyetmələrdə rast gələn qamət problemləri bütün dünyada olduğu kimi Azərbaycanda da aktual hesab edilir.
Problemin aktuallığını nəzərə alaraq Təhsil Nazirliyi 2014-2015-ci tədris ilindən başlayaraq “Sağlam təhsil-sağlam millət” layihəsinə start verib. Layihənin əsas məqsədi təhsil aldığı müddətdə oturaq həyat tərzinin uşaqlardayaratdığı problemlərin aradan qaldırılması və təhsilalanların sağlamlığının qorunmasıdır. Bu məqsədlə “Sağlam təhsil” siniflərində dinamiki tədrisə şərait yaradan texnologiyalardan istifadə edilir. Bunlara ayaqüstə və oturaq iş üçün partalar, didaktik asqılar, məşq sistemləri, dərsdə hər 15 dəqiqədən bir verilən hərəki mikropauzalar, tənəffüsdə istifadə üçün olan idman pilləkənivə digər gigiyenik tələblər aiddir.
Hal-hazırda Bakı və Sumqayıt şəhərlərinin 38 məktəbində 168 “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir.
Layihənin tibbi bloku “Sağlam təhsil” siniflərində şagirdlərin inkişafını, sağlamlığını nəzarətdə saxlayır və hər il tibbi monitorinqlər həyata keçirir. Siniflərdə aparılan müşahidələr və valideynlərlə keçirilən anket-sorğunun nəticələri göstərir ki, tədrisin belə təşkili uşaqların hərəki fəaliyyətininhəm dərs məşğələsi zamanı və həm də evdə 50 faizə qədər artmasına səbəb olur. Monitorinqlərin nəticələrinin təhlilindən məlum olur ki, “Sağlam təhsil” siniflərində istifadə olunan texnologiyalar uşaqların hərəki fəaliyyətini artırmaqla, dayaq hərəkət aparatının normal inkişafına və tədris prosesində sağlamlığının qorunmasına şərait yaradır.
ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru,
Hüseyn Qabulov