Macarıstan Azərbaycan modelini daha effektiv hesab edir
Bu yaxınlarda Macarıstanda “QHT- hökümət əməkdaşlığının effektiv modeli” mövzusunda beynəlxalq tədbir keçirilib. Həmin tədbirdə Prezident yanında QHT-lərə Dövlər Dəstəyi Şurası QHT- hökümət əməkdaşlığının effektiv modeli kimi iştirakçılara təqdim edilib və böyük marağa səbəb olub.
Qeyd edək ki, Şuranın sədri, millət vəkili Azay Quliyev də həmin tədbirdə iştirak edib. Modern.az saytı müzakirə edilən məsələlərlə bağlı Azay Quliyevin fikirlərini öyrənməyə çalışıb.
Şura sədri deyib ki, rəhbərlik etdiyi qurumun yaranma tarixi qısa olsa da, onun fəaliyyət mexanizmi doğrudan da Avropada bir model kimi qiymətləndirilib:
“Bu fəaliyyət xüsusi olaraq Avropa tərəfindən etiraf olundu, qiymətləndirildi və bəyənildi. Orada Azərbaycanın QHT-lərlə əməkdaşlıq forması, xüsusilə də maliyyələşdirmə ilə bağlı olan təcrübəsi bir model olaraq təqdim olundu və Avropa ölkələri tərəfindən yüksək qiymətləndirildi. Hesab edirəm, bu çox mühüm bir məsələdir, xususilə Şuranın şəffaflıq amilinin yüksək olması, layihələrin qiymətləndirilməsində üç mərhələnin tətbiqi, layihələrin və onları dəyərləndirən ekspertlərin də kodlaşdırılması, subyektivliyin miniuma endirilməsi, ən önəmlisi isə Avropa təcrübəsində tətbiq olunmayan Apellyassiya Komissiyasının yaradılması və fəaliyyəti, yəni narazı QHT-lərin Şuranın nəzdində olan Apellyassiya Komissiyasına müraciət edərək öz haqlarını, narazı qaldıqları məsələləri qaldıra bilmələri çox mühüm bir yenilik kimi qiymətləndirildi. O cümlədən Şuranın maliyyənin verilməsi və onun icrasına nəzarət mexanizmi, monitorinqin tətbiqi mexanizmi çox böyük maraqla qarşılandı. Görüşdən dərhal sonra bir sıra ölkələrdən olan insanlar Azərbaycana tanışlıq səfəri etmək arzusunda olduqlarını bildirdilər. Xüsusilə də Gürcüstan, Ukrayna, Çernoqoriya, Bolqarıstan və digər ölkələrin nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək istədiklərini bildirdilər. Bu faktın özü çox təqdirəlayiq haldır. Çünki 3-4 il bundan əvvəl biz xarici ölkələrə müraciət edirdik ki, önların təcrübəsini öyrənək və özümüzdə tətbiq edək.
- Şuranı digər Avropa ölkələrindəki analoji qurumlardan fərqləndirən daha hansı məqamlar qeyd edildi?
- Azərbaycanda QHT -hökumət münasibətlərində Şuranın timsalında tətbiq olunan mexanizm bir sıra Avropa ölkələrində mövcud olanlardan bir sıra parametrlərə görə fərqlənir. Belə ki, Macarıstan, Xorvatiya, Çernoqoriya, Rusiya və digərlərində dövlət siyasətini tənzimləyən həm Şura və buna bənzər qurumlar fəaliyyət göstərir, həm də ayrıca QHT-lərə Dövlət Dəstəyi Fondu. Bizdə isə bu iki funksiya - maliyə verən qurumun funksiyası ilə tənzimləyici siyasəti həyata keçirən qurumun funksiyası bir təşkilatda, Şurada birləşdirilib. Bu, onlar üçün çox mühüm bir faktordur. Çünki ayrı-ayrılıqda fəaliyyət göstərəndə həm resurslar parçalanır, həm də müəyyən mənada vahid mərkəzdən daha effektiv idarə etmə imkanları məhdudlaşdırılır, təkrarlılığa və əlaqələndirmədə boşluqlara yol verilir.
A.Quliyev bildirib ki, 2007-ci ildə Macarıstanda səfərdə olan zaman bu ölkədə qeyri-mərkəzləşdirmə siyasətinin həyata keçirilməsinin şahidi olub:
“Yəni bir qurum deyil, bir neçə qurum, nazirliklər QHT-lərə maliyə yardımı ayırırlar. Bu tədbirdə Macarıstan tərəfi birmənalı şəkildə bəyan etdi ki, artıq onlar da mərkəzləşdirilmiş bir qurumun yaradılmasına çalışırlar. Hər bir nazirliyin ayrı-ayrılıqda QHT-lərə maliyyə ayırmasının qeyri-effektivliyini etiraf etdilər. Həm də bir çox hallarda təkrarlanmalar, müxtəlif nazirliklər tərəfindən eyni təşkilatlara təxminən eyni eyni mövzuda maliyyənin verilməsi halları çoxalır. Yaxşı ki, biz o vaxt bu təcrübədən istifadə etmədik. İndi isə macarlar mövcud praktikadan imtina edərək, bizim modelə keçməyi planlaşdırırlar. Bu, özü çox mühüm bir hadisədir. Başqa bir fərqi də xüsusilə qeyd etmək istəyirəm. Bu da Şurada təmsilçilik və üzvlərin seçim mexanizmi ilə əlaqədardır.
İstər Macarıstan, istərsə də Bolqarıstanda və ya digərlərində bizim Şuraya analoji qurumların 24 və ya 27 üzvü var. Onun 12-ni hökümət nümayəndələri, 12-ni isə QHT nümayəndələri təşkil edir. Amma bizdə isə tam əksinədir, Şuranın 11 üzvü var, onun 8-i QHT nümayəndələridir, özü də demokratik yolla seçilərək namizədlikləri təyinat üçün cənab Prezidentə təqdim olunur. Burada yalnız 3 nəfər hökümət nümayəndəsi var. Bu, bir daha onu göstərir ki, Azərbaycanda QHT Şurasının həm yaranması, həm formalaşması, həm də fəaliyyət mexanizmi müsbət mənada digərlərindən fərqlidir və onun idarəçiliyində əsas üstünlük məhz QHT-lərin özlərinə verilib, daha çox QHT-lərin iradəsini ifadə edilir və qərarların qəbulunda da əsas üstünlük QHT-lərin üzərindədir. Bu da xüsusi müsbət bir təcrübə kimi həmin tədbirdə qeyd edildi. Müzakirələrdə bir daha əmin oldum ki, Azərbaycan doğrudan da bu qısa müddət ərzində çox böyük məsafə qət edib, bu sistem artıq bizdə oturuşub”.
- QHT-lərin maliyyə ayıran təşkilatdan asılılığı məsələsi ilə əlaqədar maraqlı açıqlamalarınız olub...
- Bəli, konfrasda “QHT-lərə maliyə ayıran zaman onların asılılıq məsələsi necə olur” sualı qoyuldu. Dedim, doğrudur, bu prosesi ilkin mərhələdə yaşadıq. Şura yaranan zaman bəziləri hesab edirdi ki, Şuranın yaranmasında əsas məqsəd QHT-ləri nəzarətə almaq, onların daxili işinə qarışmaq, onları cəzalandırmaqdan ibarətdir. Amma son üç ildə təcrübə göstərdi ki, bu, belə deyil. Əksinə, biz nəinki QHT-lərin daxili işlərinə qarışırıq, hətta onların bütün hallarda inkişafını tənzimləyirik. Baxın, bu gün QHT-lərin bir düzəni yaranmaqdadır, mühasiblik sisteminin tənzimlənməsindən tutmuş, təşkilatın inkişafı üçün zəruri olan bilik və bacarıqların əldə edilməsinə kimi Şura QHT-lərə yaxında dəstək verir. Biz bunun müsbət nəticələrini artıq görürük. Tədbirdə xüsusi olaraq vurğuladım ki, Şura QHT-lər arasında heç bir fərq qoymadan, ən başlıcası isə təşkilat təmsilçilərinin siyasi yönümünə görə ayrı-seçkiliyə yol vermədən onların təqdim etdiyi əsaslandırılmış layihələrə maliyyə ayırır. Hətta misal çəkdim ki, elə təşkilatlar olub ki, biz onlara maliyə ayırmışıq, həmin təşkilat Azərbaycan haqqında hesabat hazırlayıb və beynəlxalq təşkilatlara təqdim edib. Orada çox tənqidi fikirlər olub. Demək istədiyim odur ki, Azərbaycanın dövlətinin burada əsas məqsədi odur ki, Vətəndaş cəmiyyəti inkişaf etsin. Bütün bu məqamlar çox maraqlı suallara səbəb oldu. Demək olar ki, iştirakçıların böyük əksəriyyətinin diqqətini çəkdi. Mən çox inanıram ki, Azərbaycan təcrübəsi artıq Avropada bir model olaraq tanınmaqda və qəbul olunmaqdadır”.
Modern.az