Modern.az

Bakı kəndlərinə gedənlər hələ də əziyyət çəkir  

Bakı kəndlərinə gedənlər hələ də əziyyət çəkir  

23 Dekabr 2017, 14:19

Metronun “Koroğlu” stansiyası yaxınlığından Bakının  kənd və qəsəbələrinə doğru gedən avtobuslarda müəyyən problemlər hələ də qalmaqdadır. Bu problemlərdən biri də vaxt intervalıdır. Kənd və qəsəbələr istiqamətində gedən avtobusların azlığı bu problemi daha da qəlizləşdirir. Beləcə sərnişinlər uzun müddət yollarda qalmalı olurlar.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Modern.az-a açıqlamasında bildirib ki, bu cür gecikmələrin əsas səbəbi yaranan tıxacla əlaqədardır:

 

“Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən kənd və qəsəbələrə doğru gedən avtobuslar günün pik saatlarında həmin ərazidəki körpünün üzərində, eyni zamanda metronun çıxışına yaxın ərazidə uzun müddət tıxacda qalırlar. Eyni zamanda metronun hava limanı istiqamətində olan çıxışında axşam saatlarında şəxsi avtomobillərin və taksilərin dayanacaq ərazisində saxlanması səbəbindən yolda ciddi problemlər yaşanır. Tıxac yaranır, avtobuslar dayanacağa daxil ola bilmir və nəticədə intervalda da gecikmələr olur”.

 

Mais Ağayev qeyd edib ki, BNA ətraf  kənd və qəsəbələrin sərnişindaşıma ilə bağlı yaşadıqları çətinliklərin aradan qaldırılması üçün ciddi səylə çalışır: “Bu, bir qədər zaman aparan məsələdir. Amma çalışırıq ki, həmin ərazidə yaşayan vətəndaşlarımız da layiqli sərnişindaşıma xidməti ilə təmin edilsin”.

 

Mais Ağayevin sözlərinə görə, hazırda BNA həmin hissədə mövcud vəziyyətin dəyişdirilməsi ilə bağlı iş aparır.

 

Görülən tədbirlər  barəsində yaxın zamanlarda məlumat veriləcək.

 

Əbülfəz Kərimov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər