Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər NazirliyiXızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan Modern.az-a verilən məlumata görə, dekabrın 24-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 151 ədəd partlamamış hərbi sursat (PHS), 206 ədəd partlamış-yanmış mərmi qalıqları və 855 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 530 200 kv.m (53.02 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 104 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib. 23 793 ədəd partlamamış hərbi sursat (PHS), 15 262 ədəd partlamış-yanmış sursat qalıqları və 87 415 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 76 175 178 kv.m (7 618 ha) ərazi yoxlanılıb.
Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.