Şəkidə zibil yanan quyuya düşərək ağır yanıq xəsarətləri alan 80 yaşlı qadın ölüb. Modern.az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, həkimlərin səyinə baxmayaraq Xanım Soltanəliyevanın həyatını xilas etmək mümkün olmayıb. Xanım Soltanəliyeva axşam saat 19:30 radələrində aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.
Qeyd edək ki, bu gün saat 15:50 radələrində Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Abdulrəhim qızı Soltanəliyeva ağır yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Müayinə zamanı 80 yaşlı X. Soltanəliyevanın Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisindəki fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri aldığı məlum olub.