Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirəcək.
Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında dövlətin tabeliyindəki ayrı-ayrı qurumlar, xidmətlərə və onların fəaliyyətinə də toxunulacaq.
Məlum məsələ idi ki, Cümhuriyyət hökuməti o zaman əsas diqqət hərb sahəsinə vermişdi. Bunun da səbəbləri hamıya məlum idi. Yenicə müstəqil olmuş dövlət müxtəlif istiqamətlərdən düşmən təhlükəsi ilə üz-üzə qalmaqda idi. Bu zamanda da daha bir məsələ hökumət rəhbərləri üçün aktuallaşırdı – sərhədlərin mühafizəsi.
Sərhədlərin etibarlı mühafizəsinin təşkili hökumətdən siyasi, diplomatik, hərbi və s. vasitələrin səfərbər olunmasını tələb edirdi. Paris konfransında Rusiya məsələsi həllini tapmayacağına qədər Qafqazın yeni müstəqil dövlətlərinin məsələlərinə baxılmayacağı qənaətinin formalaşması, bu ölkələrin müstəqilliyinin tanınmasının gecikdirilməsi də ərazi-sərhəd mübahisələrinin həlli, təhlükəsizliyin təminatı yolunda böyük maneəyə çevrildi.
Maraqlıdır ki, Cümhuriyyətin sərhədləri və onların mühafizəsi araşdırmaçılar tərəfindən bir o qədər də xatırlanmayıb.
Lakin tarixçi Lətif Babayev öz araşdırmalarında bu məsələyə toxunub. O, Cümhuriyyət dövlətinin sərhəd mühafizəsi ilə bağlı problemlərini bu cür əsaslandırıb:
“İlk vaxtlar Azərbaycanın cənub-qərb və qərb sərhədlərində də vəziyyət bir çox baxımdan gərgin idi. Əvvəla, qonşu respublikalarla münasibətlər heç də birmənalı deyildi və hər an istər ərazi, istərsə də milli-etnik və digər səbəblər ucbatından qarşıdurmalar baş verə bilərdi. Hətta bunların nizamlanması mümkün hesab edilsə belə, sərhəddə sakit xidmət şəraitindən danışmaq mümkün deyildi. Çünki məhz bu ərazilərdə, xüsusilə, ərzaq malları qaçaqmalçılığı görünməmiş miqyas almışdı. Yaranmış təhlükəli vəziyyət təcili və ən sərt tədbirlər görülməsini tələb edirdi. Həmin dövrdə sərhədlərin etibarlı qorunması hakimiyyətin nüfuzunun yüksəldilməsi, hətta dövlətin mövcudluğu üçün mühüm əhəmiyyət daşıyan məsələlərdən idi. Gərginliklərə baxmayaraq, Azərbaycan hökuməti bölgənin ümumi təhlükəsizliyinə nail olunması üçün bütün siyasi, diplomatik vasitələrdən istifadə edirdi. Bu səylər nəticəsində 1919-cu il aprelin 25-də Tiflisdə hər üç respublikanın təmsilçiliyi ilə gündəliyinə sərhəd məsələləri də daxil edilən konfrans işə başladı. Lakin Könüllü Ordunun Dağıstana basqını və Ermənistanın Azərbaycan və Gürcüstanla ərazi, sərhəd məsələlərində ixtilafları konfransa işini başa çatdırmağa, ziddiyyətləri aradan qaldırmağa imkan vermədi. Ermənistan hər iki ölkəyə qarşı ərazi iddialarını Könüllü Ordunun köməkliyi ilə həll etmək istəyirdi. Ancaq Gürcüstan-Azərbaycan müttəfiqliyi onların bu istəyinə sədd çəkdi. Ermənistan tərəfi nəinki sərhəd ərazilərdə, hətta öz torpaqları olduğunu iddia etdiyi Azərbaycan ərazilərində də gərginlik yaradır, yerli əhaliyə qarşı görünməmiş vəhşiliklər törədirdi”.
Cümhuriyyət hökumətinin əsas diqqət ayırdığı məsələlərdən biri də cənub sərhədlərinin mühafizəsi idi. Bu məqsədlə, hökumətin 1919-cu ilin 24 sentyabrında “İranla sərhəddə sərhəd mühafizəsinin təşkil edilməsi haqqında” qərarı ilə Maliyyə Nazirliyinə göstərilən ərazilərdə təcili surətdə sərhəd mühafizə qüvvələrinin yaradılması tapşırıldı. Bu tədbirlər həm də Lənkəran qəzasında hakimiyyətin dayaqlarının möhkəmləndirilməsi, ərazinin hər hansı müdaxilədən müdafiəsi üçün zəruri idi:
“Cənub sərhədlərində yaranmış gərgin vəziyyətlə əlaqədar qonşu dövlətin rəsmi şəxsləri diplomatik kanallar vasitəsilə vaxtaşırı xəbərdar edilirdilər. Sərhədlərin mühafizəsində diplomatik vasitələrdən istifadə bir çox hallarda digər vasitələrdən daha səmərəli təsirə malik olurdu. Xanbulaq kəndində baş vermiş hadisə bu baxımdan istisna təşkil etmirdi. Həmin vəziyyətlə bağlı xarici işlər naziri Azərbaycandakı İran diplomatik nümayəndəliyinə məlumat vermiş və Lənkəran sərhəd rayonu rəisinin teleqramlarının surətini çatdıraraq ondan dərhal öz hökuməti ilə əlaqə yaratması və qarşı tərəfin məlumatlandırılmasını xahiş etmişdi. Nazir, həmçinin, daxili işlər nazirinə müraciətlə İranla sərhəddə baş verən hadisələrdən onu vaxtında xəbərdar etməyi xahiş edir və bu faktlarla əlaqədar İran hökumətinə müraciət olunacağını bildirirdi.
Təqribən il yarıma yaxın müddətdə cənub sərhədlərimizdə baş verən 50-yədək müxtəlif hadisə, o cümlədən, köçərilərin və mütəşəkkil cinayətkar dəstələrin Azərbaycanın dinc sakinlərinə qarşı yönəlmiş cinayətləri barədə İran tərəfinə xüsusi material çatdırılmışdı. Hökumət yalnız İran tərəfini xəbərdar etməklə kifayətlənmir, cənub sərhədlərinin möhkəmləndirilməsi sahəsində ardıcıl təşkilati tədbirlər də görürdü”.
Azərbaycan Cümhuriyyətinin sərhəd mühafizəsi siyasəti ilə bağlı maraqlı faktlar:
-Şimal sərhədlərinin mühafizəsi və daha çox müdafiəsinin etibarlı təşkili məqsədilə Hərbi Nazirliyin tabeliyində xüsusi Xaçmaz dəstəsi yaradıldı və sərhədlərin mühafizəsində Maliyyə Nazirliyinə tabe qüvvələrlə birgə fəaliyyət göstərdi. Çünki şimaldan gözlənilən Könüllü Ordu və bolşevik təhlükəsi qarşısında bu ərazilərdə sərhədlərin müəyyənləşdirilməsi və mühafizəsi ilə yanaşı, müvafiq müdafiə işlərinin təşkili aktual idi. Bu məqsədlə ərazidə ümumən üç: Xəzri, Sarvan, Gilgil müdafiə mövqelərinin yaradılması qərara alındı;
- Hökumət 1919-cu il noyabrın 1-də sərhəd mühafizəsi ilə bağlı vacib qərar qəbul edir:
“Yetmiş milyonluq fonddan Qazax qəzasında sərhəd mühafizəsinin ötən iyul, avqust və sentyabr aylarında, həmçinin ilin axırınadək təminatı məqsədilə Daxili İşlər Nazirliyinin sərəncamına 308100 rubl ayrılsın. Maliyyə Nazirliyinin ilin sonunadək Qazax qozası hüdudunda sərhəd mühafizəsini təşkil edəcəyi halda, mövcud mühafizə qüvvələrinin əmək haqqı onların ləğv olunduğu günədək ödənəcək və kreditin qalan hissəsi geri qaytarılacaqdır”.
- 1919-cu ilin əvvəllərindən, xüsusilə sərhəd mühafizəsi sahəsində mərkəzləşdirilmiş strukturun formalaşdırılması istiqamətində addımlar atılmağa başlandığı dövrdən etibarən əsasən yerli şəxslərdən ibarət mühafizəçilər dəstəsi təşkil edilir və bu adamların hər biri xidmətə öz şəxsi silahı, atı, hətta geyimi ilə başlayırdı. Daxili işlər naziri 1920-ci ilin yanvar ayında sayı 200 nəfərə çatdırılan atlı dəstədə hərbçilərlə yanaşı, azad muzdlu yolla tutulmuş mühafizəçilərin olması və onların xidmətə öz şəxsi silahları, atları, geyimləri ilə gəldiklərini bildirir, kiçik mühafizəçilərin 700, böyük mühafizəçilərin 800 rubl əmək haqqı aldıqlarını qeyd edilirdi.
Qeyd: Yazıda tarixçi Lətif Babayevin arxiv materiallarından əldə etdiyi rəsmi bilgilərdən istifadə edilib.
E. Nihad