Azərbaycanda ali və orta ixtisas təhsili haqqında sənədlərin - diplomların forması dəyişdiriləcək. Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratoru İlyar Vahabov məlumat verib. İlyar Vahabov bildirib ki, diplomların forması gələn ildən dəyişdiriləcək. Ali və orta ixtisas təhsili haqqında sənədlər beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılacaq. İ.Vahabov deyib ki, diplomların yeni forması artıq hazırdır, tezliklə çapına başlayacaqlar. Gələn ildən məzunlar yeni diplomlar alacaqlar. Onlar hazırda verilən sənədlərdən tamamlə fərqli formada, qutunun içində olacaqlar.
Modern.az saytının məlumatına görə, hazırda Azərbaycanda diplomlar Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na uyğun verilir. Həmin qaydalara uyğun olaraq bakalavrlara və magistrlərə adi və fərqlənmə diplomları verilir. Bu diplom 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir.
Orta ixtisas təhsili pilləsində da məzunlara iki cür – adi və fərqlənmə diplomları verilir. Həmin diplomlar 15x21sm ölçüdə kitabça şəklində çap olunur. Orta ixtisas təhsili müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir.
İlk peşə-ixtisas təhsili pilləsində məzunlara adi və xüsusi nümunəli diplomlar, sertifikat verilir. Diplom və sertifikat ilk peşə-ixtisas təhsili pilləsini müvəffəqiyyətlə başa vurmuş şəxslərə verilir.
Mail Ağaxanov