Modern.az

İŞİD bitdi, terror bitmədi – qorxulu PROQNOZ

İŞİD bitdi, terror bitmədi – qorxulu PROQNOZ

27 Dekabr 2017, 12:27

Bir müddət bundan əvvəl İraqın baş naziri Heydər əl-Abadi ölkədə İŞİD terror qruplaşmasının hərbi məğlubiyyətə uğradığını bəyan edib. Bundan əvvəl isə İran prezidenti Həsən Ruhani İŞİD yaraqlılarının məğlub edildiyini bildirib. Eyni zamanda İŞİD bundan əvvəl də Suriyada məğlub olmuşdu.

 

Bəs bundan bundan sonra Yaxın Şərq regionunu nə gözləyir?  

 

Politoloq  Qabil Hüseynli Modern.az-a açıqlamasında İŞİD-dən sonra regionda yeni yerror təşkilatının yarana biləcəyini deyib:

 

“Zənnimcə, dünyada həmişə terror qruplaşmaları olacaq. Bu terror qruplaşmalarının çoxu Yaxın Şərqdəki həll edilməmiş problemlərdən qaynaqlanır. Məsələn, son zamanlar  Qüdslə bağlı məsələlərin yaranması terror olaylarının artmasına səbəb ola bilər. Necə ki, dünyada beynəlxalq ədalətsizlik hökm  sürür, güc hər şeyin üstündə dayanır, o zaman da belə güclərə qarşı terroru son mübarizə vasitəsi hesab edən müəyyən siyasi dairələr də yaranıb formalaşır. Bu nöqteyi-nəzərdən Qüds hadisələri yeni terror dalğası üçün zəmin ola bilər.

 

Bundan başqa İŞİD-in məğlub olduğu elan edilsə də, təşkilatın üzvləri bütün dünyaya, ən azından böyük coğrafiyaya səpələnib desək, yanılmarıq. Onların  ən təhlükəsi bu gün İraq və Suriya sərhədlərinə yaxın cəbhə bölgələrində yenidən qruplaşır və cəmləşirlər. Hətta bəzi böyük dövlətlər tərəfindən onların yenidən müxtəlif adlar altında təlim düşərgələrinə cəlb edilməsi haqqında da bəyanatlar yayılır”.

 

Politoloq qeyd edib ki, İŞİD-in ən qorxulu dəstəsi Əfqanıstanda formalaşmaqdadır:

 

“Bu, talibançı terror təşkilatları ilə birləşmiş İŞİD-çilərin yeni qruplaşmasının peyda olmasına gətirib çıxara bilər. Nəticə etibarilə Əfqanıstanın yeni terror mərkəzinə çevrilmə ehtimalı böyükdür. Digər tərəfdən Şimali Qafqazı da terrordan uzaq hesab etmirəm. Belə güman etmək olar ki, bu regionda İŞİD-çilərin içində qopub ayrılmış Çeçenistana aid siyasi qruplaşmalar meydana çıxır. Onlar gələcəkdə daha da təşkilatlanaraq qorxulu hədəfə çevrilə bilərlər.

 

Əlbəttə ki, Avropa ölkələrinə getmiş miqrantlar arasında da müxtəlif əhval-ruhiyyəli  terror düşüncəsi daşıyan insanların olduğunu istisna etmək olmaz. Onlar təşkilatlanmış və qrup halında deyil. Fərdi şəkildə və müxtəlif formalarda özlərini büruzə verirlər. Beynəlxalq düzən güclü və zəiflərə ayrıldığına, güclülər müəyyən işləri idarə etdiyinə görə, etiraz forması kimi qeyri-qanuni xarakter daşıyan qruplaşmalar da yaranacaq. Dünyanın hələ ideal düzəni formalaşmadığına görə terrorçu qruplaşmaların mövcudluğundan bir müddət də danışmalı olacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu