Maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində cari ili sabitləşmə ili kimi qiymətləndirib. Nazir bildirib ki, bu il 2015-2016-cı illərdə yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, makroiqtisadiyyatın sabitləşdirilməsinə səylər göstərilib. S.Şərifov deyib ki, məzənnədə ilin əvvəli ilə müqayisədə təxminən 3,4%, fevral ayı ilə müqayisədə 10%-dən yuxarı möhkəmlənmə baş verib. O, növbəti ildə manatın bahalaşacağı anonsunu verib.
Bəs, manatın möhkəmlənməsi üçün ölkədə iqtisadi əsaslar varmı?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, manatın möhkəmlənməsi bir neçə amildən asılıdır:
“Növbəti ildə manatın bahalaşmasına təsir edən amillər qüvvədə olacaqsa, milli valyuta daha da möhkəmlənəcək. Neftin qiyməti 60-65 dollar olacaqsa, idxal-ixrac əməliyyatlarında idxal ixracı üstələyəcəksə, Mərkəzi Bank pul kütləsinə nəzarəti indiki kimi həyata keçirəcəksə, manat müəyyən qədər bahalaşa bilər. Amma söhbət ciddi bahalaşmadan gedə bilməz. Bahalaşmanın 1-5 qəpik səviyyəsində olması mümkündür. Mən ciddi bahalaşma gözləmirəm. Ən azı manatın məzənnəsinin 2017-ci il səviyyəsində qalmasını təmin etmək vacibdir”.
Deputat manatın 3-cü devalvasiya təhlükəsinə də münasibət bildirib:
“Sadaladığım amillərdən hansısa axsasa, manata təhlükə yarana bilər. 2018-ci il strateji yol xəritəsinin icrası ilə bağlı əsas il olacaq. Bu baxımdan hökumət çalışacaq ki, manat stabil qalsın. Təbii ki, manatı tam sərbəst buraxmaq mümkün deyil. Hər nə qədər “üzən məzənnə” siyasəti aparılır deyilsə də, proseslər Mərkəzi Bankın nəzarəti altındadır”.