Ət məhsulları satılan əksər bazar və mağazalarda alıcılara qəbz verilmir. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində yerləşən ən böyük bazarlar - Yaşıl və Keşlə bazarlarını göstərmək olar. Çəkiliş zamanı Keşlə bazarında ət satan satıcıların heç birinin qəbz vermək üçün kassa aparatının olmadığının şahidi olmaq olar. Elə bunu satıcılar da etiraf edib.
Eyni vəziyyət Yaşıl bazarda da hökm sürür. Çəkiliş zamanı burada da alıcılara ət satıldıqdan sonra onlara qəbz verilmədiyini görmək olar.
Alıcılar da bildirirlər ki, iri marketlərdə ət alarkən qəbz verildiyi halda, nisbətən kiçik mağaza va bazarlarda satıcılar qəbz vermirlər. Bazar rəhbərliyi isə şifahi olaraq bildirdi ki, bütün ət satılan mağazalarda alıclılara qəbz verilir.
Məsələ ilə bağlı Vergilər Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, bazarlarda, yarmarkalarda və səyyar qaydada kənd təsərrüfatı məhsullarının satışı həyata keçirildikdə bu malların alıcılarına qəbz və ya digər ciddi hesabat blankı təqdim edilməli və həmin blanklarda qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks olunmalıdır. Bu qaydaları pozan fiziki şəxslər 350-500, vəzifələri şəxslər 500-2000, hüquqi şəxslər isə 4-6 min manat arasında cərimə edilirlər.