Modern.az

Deputatlar ölkəmizi beynəlxalq təşkilatlarda necə təmsil edirlər? (Parlament jurnalistlərinin cavabı)

Deputatlar ölkəmizi beynəlxalq təşkilatlarda necə təmsil edirlər? (Parlament jurnalistlərinin cavabı)

6 İyul 2011, 11:44


Milli Məclisin deputatları yalnız qanunvericilik işləri və seçicilərin problemləri ilə məşğul olmurlar. Onların böyük bir qismi ölkəmizi beynəlxalq təşkilatlarda da təmsil edirlər.

Avropa Şurası Parlament  Assambleyası, ATƏT Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, NATO Parlament Assembleyası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İslam KonfransıTəşkilatı Parlament Assambleyası, “Avronest”, Avropa Parlamenti və s. kimi nüfuzlu beynəlxalq qurumlarda deputatlarımız nümayəndə heyəti ilə təmsil olunur.

Bu nümayəndə heyətlərindən hansı daha fəaldır? 

Modern.az parlament jurnalsitlərinin bir qrupu arasında bununla bağlı sorğu keçirib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy ayrı-ayrılıqda nümayəndə heyətləri barədə yox, daha çox fərdi qaydada beynəlxalq təşkilatlarda təmsil olunan deputatlar barədə fikir bildirib.
“Bu sırada Ziyafət Əsgərov, Bahar Muradova, Azay Quliyev, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Eldar İbrahimov, Səməd Seyidovun ümummilli məsələlərdə ortaya qoyduqları mövzulara sözüm yoxdur. İstərdik ki, onlar eyni zamanda erməni təbliğatına qarşı da ciddi arqumentlər qoya bilsinlər. Bu yaxınlarda ATƏT və Avropa Parlamentinin iclaslarında Dağlıq Qarabağın ayrıca subyekt kimi təqdim olunması barədə qanun layihəsinin müzakirəyə çıxarılmasına Azay Quliyev kəskin etiraz bildircəklərini deyib. Ona görə daim ciddi iş aparılmalıdır ki, belə arzuolunmaz hallar yaranmasın”.
E.Paşasoy ümumiyyətlə, parlamentin nümayəndə heyətlərinin ümmumilli məsələlərdə gördüyü işlərin vəziyyətini qənaetbəxş hesab etdiyini vurğulayıb.
“Bir çox hallarda beynəlxalq təşkilatlarda onlar Azərbaycanda insan haqları, demokratiya ilə bağlı verilən suallar qarşısında çətin vəziyyətdə qalırlar. Arzu edərdik ki, elə bir mərhələyə çataq ki, deputatlar belə məsələlərdə də aciz vəziyyətdə qalmasınlar”.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu bildirib ki, Azərbaycan 1991-ci ildən müsətqillik əldə edəndən sonra bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu həm də qanunvericlik sahəsində özünü göstərir.
“Azərbaycan nümayəndə heyətləri Avropa Şurası Parlament Assambleyasında, ATƏT Parlament Assambleyasında, MDB Parlamentlərarası Assambleyada, GUAM ölkələri Parlament Assambleyasında, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında, Avropa İttifaqı Azərbaycan Milli Məclisi Əməkdaşlığı Komitəsində, İslam Konfransı Təşkilatında, NATO Parlament Assambleyasında da təmsil olunur”.
K.Həmzəoğlu daha çox üç nümayəndə heyətinin fəaliyyətini qiymətləndirdiyini deyib. Bunlar Avropa Şurası Parlament Assambleyası, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyasındakı nümayəndə heyətləridir. Onun sözlərinə görə, qismən İslam Konfransı Təşkilatındakı Azərbaycan nümayəndə heyətinin fəaliyyətini də bura daxil etmək olar.
“Azərbaycan nümayəndə heyətinin Avropa Şurasındakı fəaliyyətinin nəticəsidir ki, ilk dəfə olaraq beynəlxalq təşkilatlar arasında məhz AŞPA erməni təcavüzünü pisləyən qətnamə qəbul edib, Ermənistanı birbaşa işğalçı ölkə kimi tanıyıb. Düzdür, hələki bu qətnamənin ermənilərə bir real təsiri yoxdur, ermənilər uzun müddət destruktiv mövqelərində qalırlar, amma hər halda Azərbaycan nümayəndə heyəti daim bu qurumda fəallıq göstərir. Bu qurumun əksər üzvlərinin, xüsusilə Qənirə Paşayeva, Səməd Seyidov, Rafael Hüseynov və digərlərinin - bu nümayəndə heyətində vaxtilə Azərbaycanı təmsil edən Gültəkin Hacıbəyli də Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətində çatıdırılmasında böyük rol oynayıb- fəaliyyəti hiss olunur.
ATƏT Parlament Assambleyasında da Azərbaycan nümayəndə heyəti çox uğurlu fəaliyyət göstərir. Bu qurumda təmsil olanlardan Rəbiyyət Aslanova, Eldar İbrahimov və Bahar Muradovanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Çünki bu şəxslər necə illərdir ki, bu qurumda təmsil olunanlar Avropada müəyyən qədər tanınırlar və xüsusi çəkiyə malikdirlər.
NATO Parlament Assambleyasında da Azərbaycan nümayəndə heyəti uğurlu fəaliyyət göstərir. Baxmayaraq ki, Azərbaycan hələ NATO-ya üzv qəbul olunmayıb, ancaq inanırıq ki, nümayəndə heyətinin fəaliyyəti, dövlətimizin yürütdüyü siyasət nəticəsində Azərbaycan NATO-ya üzv qəbul oluncaq və Parlament Assambleyasında fəaliyyəti daha da səmərli olacaq. Bu qurumda fəaliyyət göstərənlərdən Ziyafət Əsgərovun, Qüdrət Həsənquliyevin, Siyavuş Novruzun fəaliyyətini qiymətləndirirəm.
İslam Konfransı Təşkilatının Parlament İttifaqında da Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Bu təşkilat da Ermənistanın təcavüzünü pisləyən, Xocalı faciəsini soyqırımı kimi tanıyan təşkilatdır. Qurumda Gövhər Baxşəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətində Sabir Rüstəmxanlının fəaliyyətini də qiymətləndirmək istərdim”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev hesab edir ki, parlamentin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndələrinin əksəriyyəti fəal deputatlardır. O, bunun  dəfələrlə şahidi olduğunu bildirib.
“Qənirə Paşayava, Səməd Seyidov, Bahar Muradova, Aydın Mirzəzadə, Ziyafət Əsgərov, Eldar İbrahimov, Azay Quliyev və digər deputatlarımızın əksəriyyəti beynəlxalq təşkilatlarda istənilən formada öz sözlərini deyirlər, Azərbaycan həqiqətlərini çatdırır, Azərbaycan əleyhinə kampaniyalar təşkil edəndə buna qarşı ciddi şəkildə öz fikirlərini bildirirlər. Onların beynəlxalq təşkilatlarda fəaliyyətini bəyənirəm və hesab edirəm ki, doğru yoldadırlar”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri arasında ən çox Avropa Şurasındakı nümayəndə heyətimizin fəaliyyətininin nəzərə çarpdığını, hiss olunduğunu deyib. Həmkarımızın fikirncə, həmin nümayəndə heyəti tez-tez sessiyalarda iştirak edir.
“Başqa ölkələrlə də dostluq qrupları var, ancaq bu AŞPA-dakı nümayəndə heyətinin fəaliyyəti qədər hiss olunmur. Ən çox fəallığını hiss etdiyim Avropa Şurası Parlament Assambelyası, ATƏT Paralment Assambleyası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı Azərbaycan nüaməyəndə heyətlərinin fəaliyyətləridir. NATO Parlament Assambleyasındakı Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin isə fəaliyyəti normaldır”.
E.Muradlı nümayəndə heyətlərinin fəaliyyətində olan zəif cəhəti onların səsləndirdiyi bəyanatın elə bəyanat olaraq qalması ilə əlaqələndirib.
“Hər sessiyada, iclas ərəfəsində bizim nümayəndə heyətləri çıxış edir, bəyanatlar səsləndirirlər. Ancaq çox təssüf ki, onların bəyanatı elə bəyanat olaraq qalır. Nümayəndə heyətlərinin bütün üzvləri deyir ki, “Qarabağ məsələsini AŞPA-da, NATO Parlament Assambleyasında, ATƏT Parlament Assambleyasında qaldıracağıq”. Qaldırırlar da, amma axırda bir nəticəyə nail olunmur. Bunu nümayəndə heyətlərinin zəif cəhəti kimi qiymətləndirirəm” deyə müsahibimiz əlavə edib.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev hesab edir ki, beynəlxalıq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri kifayət qədər fəaldırlar. Onun sözlərinə görə, bunun əsası 2001-ci il Azərbaycan Avropa Şurasına daxil olandan sonra qoyulub. Və həmin vaxt millət vəkili olan İlham Əliyevin rəhbərlik etdiyo Avropa Şurasındakı nümayəndə heyətimizin gördüyü işləri hamı xatırlayır.
“Bu ənənə indi də davam etdirilir. Həm NATO Parlament Assambleyasında, həm ATƏT Parlament Assambleyasında, həm MDB Parlament Assambleyasında, həm də TÜRKPA-da bizim nümayəndə heyətlərinin işini kifayət qədər uğurlu hesab etmək olar. Əminliklə demək olar ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz öz milli maraqlarımızı qorumaq üçün əllərindən gələni edirlər. Bəlkə də bu yeganə məsələdir ki, biz bunla bağlı ürək dolusu danışa bilərik”.

“Modern.az” saytının əməkdaşı Elşad Eyvazlı parlamentin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərinin fəallığını xüsusilə qeyd edib. O bildirib ki, Azərbaycanın ayrı-ayrı parlament assambleyalarındakı nümayəndə heyətləri Azərbaycanın xarici siyasətini həyata keçirən qüvvəyə çevriliblər.
“Sadəcə, mən bir məsələni xatırlatmaq istəyirəm ki, Ermənistan prezidenti Sərkisyanın Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycana qarşı təhqiramiz ifadələr işlətməsi, Azərbaycanı dünyanın gözü qarşısında təhqir etməsi, Azərbaycanın üzərinə böyük məsələləri qoyması müqabilində bizim nümayəndə heyəti ona cavab vermədi. Mən bunu heç cürə qəbul edə bilmirəm və hesab edirəm ki, hər hansı prosedur qaydasını pozmaq lazım idisə də, Sərkisyana mütləq cavab verilməli idi”.
E.Eyvazlı nümayəndə heyətlərinin ümumilikdə fəaliyyətini müsbət qiymətləndirdiyini qeyd edib. O, bu mənada üstünlüyü ölkəmizin ATƏT Parlament  Assambleyasındakı nümayəndə heyətinə vermək istədiyini vurğulayıb.
“Çünki ATƏT PA-da nümayəndə heyətimiz həmişə fəal olub. Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətində Azay Quliyev, Eldar İbrahimov, Rəbiyyət Aslanova və digərlərinin adlarını çəkmək istəyirəm ki, onlar həmişə xüsusi fəallıq göstəriblər. Avropa Parlamentində fəallıqları ilə seçilən Fuad Muradovu, Rövşən Rzayevin adlarını xüsusilə çəkmək istərdim. Bir neçə Avropa ölkəsinin Qarabağla bağlı sənəd qəbul etməsində bu iki deputatın nələr etdiyini mən bilirəm”. 

Aytən  ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı