Modern.az

Azərbaycanın qəzaya uğrayan təyyarəsi barədə rəsmi məlumat yayılıb

Azərbaycanın qəzaya uğrayan təyyarəsi barədə rəsmi məlumat yayılıb

6 İyul 2011, 12:03

Əfqanıstanda qəzaya uğrayan Azərbaycan yük təyarəsinin  havada naməlum obyektlə toqquşması ehtimal olunur. Bu barədə Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verib.
Məlumata görə, təyyarə ilə rabitə kəsilənə qədər avialaynerin ekipajı tərəfindən  hər hansı nasazlıq və ya qəza şəraiti barədə xəbər verilməyib.

Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına gorə, Əfqanıstanın hava məkanı idarəetmə xidmətindən daxil olmuş məlumata görə 06 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın "Silk Way" aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itmib.  Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 05 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub. Gəmi kapitanı 1969-cu il təvəllüdlü 4576 saat uçuş təcrübəsi olan pilot - Kuzmin Sergey Viktoroviç olub.

Göstərilən aviasiya hadisəsinin araşdırılması üçün komissiya yaradılır və Əfqanıstan aviasiya rəhbərliyi ilə razılaşdırılaraq hadisə yerinə mütəxəssislərin uçuşu planlaşdırılır. Hadisə ilə bağlı daha ətraflı məlumat komissiyanın araşdırmalarından sonra veriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj