2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 milyard kub metr həcmində proqnoz olunur. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Məlumata görə, təbii qaza olan ehtiyacın 99,65 faizini Azərbaycan təmin edəcək.
Qonşu ölkə təbii qaz həcminin 1,866 milyard kub metrini "SOCAR" şirkətindən, 813 milyon kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək. Yerdə qalan 0,35 faizi isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.
Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb.