Milli QHT Forumunda Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin, Qara dəniz-Xəzər dənizi Beynəlxalq Fondunun və Avropa Siyasəti Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni Avropa İttifaqı nümayəndələrinə Milli QHT Forumunun yarandığı gündən cari dövrədək olan fəaliyyəti, Azərbaycanda QHT sektorunun inkişafında MQF-nun rolu haqqında məlumat verib.
Aİ-nın Avropa iqtisadi və sosial komitəsinin üzvü, Rumıniyanın sabiq dövlət idarəçiliyi və daxili işlər naziri Marius Euqen Opran, Aİ-nın Avropa iqtisadi və sosial komitəsinin daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri, Avropa Parlamentinin sabiq üzvü Brian Cassidi, Qara dəniz-Xəzər dənizi Beynəlxalq Fondunun Baş katib müşaviri Felisia Skoarta, Avropa Siyasəti Mərkəzinin siyasət analitiki və proqram icraçısı Amanda Paul ilə Rauf Zeyni Azərbaycanda QHT sahəsində olan vəziyyət, nailiyyətlər və görüləsi işlər haqqında fikir mübadiləsi ediblər.
Marius Euqen Opranın Azərbaycanda QHT sektorunun inkişafı, mövcud vəziyyət və QHT sahəsində olan problemlərlə bağlı suallarını Rauf Zeyni ətraflı cavablandırıb.
Milli QHT Forumunun Avropa İttifaqının nümayəndələri ilə görüşündə müzakirə əsnasında Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycan QHT-ləri ilə Avropa İttifaqına üzv dövlətlərin QHT-ləri arasında əlaqələrin genişləndirilməsi, Avropa vətəndaş cəmiyyətinin təcrübəsinin Azərbaycanda tətbiq olunması qonaqlar tərəfindən tövsiyə edilib.
Görüşün sonunda Rauf Zeyni qonaqlara təşəkkürünü bildirib, qabaqcıl Avropa təcrübəsinin Azərbaycanda tətbiq olunması təklifini müsbət qiymətləndirib, inkişaf etmiş ölkələrin QHT-ləri ilə əməkdaşlığın Aİ Şərq Tərəfdaşlığı Proqramına qoşulmuş ölkələrin vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Qeyd edək ki, görüş Avropa İttifaqının (Aİ) himayəsi və Qara dəniz-Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə Beynəlxalq Fondun təşkilatçılığı ilə “Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin rolu” mövzusunda monitorinq aparan bir qrup ekspertin ölkəmizə səfəri çərçivəsində keçirilib.
Mail Ağaxanov