Modern.az

Azərbaycanda jurnalist jurnalisti möhkəm döyüb...

Azərbaycanda jurnalist jurnalisti möhkəm döyüb...

6 İyul 2011, 13:17

Bir neçə gün öncə 1 saylı Bakı İqtisad Məhkəməsində ötən ilin yazında baş vermiş Kür daşqınlarının təsirinə məruz qalmış sakinlərin məhkəmə prosesinin başlaması və bunun ardınca Sabirabadın 7 kənd sakininin ayağa qalxaraq Əsgərbəylidə etiraz aksiyası keçirməsi, Saatlı, Sabirabad və İmişlidən 17 nəfər yerli sakinin dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi sözü gedən rayon rəhbərlərini hərəkətə gətirib.

Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib ki, 30 iyun 2011- ci ildə keçirilmiş məhkəmədən dərhal sonra məhkəmə prosesində iştirak edərək İmişlidə daşqınların təsirinə məruz qalan insanlara qarşı ayrı- seçkilik edildiyini, rayonda bir sıra evlərin korrupsiya müqabilində tikildiyini bildirən rayon sakini, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, “Gündəm- xəbər” qəzetinin bölgə müxbiri Kəmalə Rəhmanqızı İmişli şəhər nümayəndəliyinin təzyiqi ilə evindən çxarılıb.

“Evindən çıxarılan xanım- jurnalist daha çox rayon rəhbərliyinin maraqlarının müdafiəçisi kimi tanınan, adı Mətbuat Şurasının “Qara siyahısı”nda olan “Həqiqət və reallıq” qəzetinin baş redaktoru İsrafil Quliyevin hücumuna da məruz qalıb.  Kəmalə Rəhmanqızını küçə söyüşləri ilə təhqir edən qəzet redaktoru onu hədələyərək, evlərə baxış keçirilməsini dayandırılmasını,  “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının İmişlidə fəaliyyətinə xitam verilməsini və üzvlərin bu təşkilatda çıxmasını tələb edib. Məsələ ilə əlaqədar Kəmalə Rəhmanqızı hüquq mühafizə orqanlarına müraciət edib”-deyə Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Modern.az-a bildirilib.

Eyni təzyiq və təhdidlə “Kür” Qərargahının Sabirabaddan olan üzvü İlham Əsgərbəyli və digərləri üzləşib. Rayon rəhbərliyi və digər məmurlar etiraz aksiyalarının təxirə salınmasını tələb edərək onları təhdid və şantaj etməyə cəhd göstəriblər.

“5 iyul 2011- ci il tarixdə isə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, “Hürriyyət” qəzetinin bölgə müxbiri, tanınmış jurnalist Məhbub Zülfüqarlı İmişli rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidovun qohumu Azər Zahidov tərəfindən vəhşicəsinə döyülüb. Ağır bədən xəsarəti alan, burun sümüyü sındırılan Məhbub Zülfüqarlı xəstəxanaya yerləşdirilib. Tibbi ekspertizadan keçib və məsələyə polis müdaxilə edib. Hadisənin baş verməsi ilə bağlı jurnalistdən izahat alan polis obyektiv tədqiqat aparmaq, günahkarın layiqli cəsazını alınmasına nail olmaq əvəzinə rayon icra hakimiyyətinin göstərişi ilə tərəfləri barışdırmağa, məsələnin ört- badır etməyə çalışıb. Lakin Məhbub Zülfuqarlı təklifi rədd edərək baş vermiş olaya obyektiv qiymət verilməsi üçün hüquq- mühafizə orqanlarına müraciət edib. Hazırda jurnalist həkim nəzarəti altındadır. Hadisənin baş vermə səbəbləri sırasında Məhbub  Zülfüqarlının və rayon sakini Təranə Qarayevanın “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təqdim etdiyi siyahıda İmişlidə daşqınlardan sonra dövlət büdcəsindən korrupsiya müqabilində tikilən evlərin bir qisminin İmişli RİH-nin Hüquq şöbəsinin müdiri Rahim Zahidovun qohumlarına aid oluğunu qeyd etməsidir”.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Kür daşqınları ilə bağlı üzləşdikləri problemləri bu günə qədər həll edilməyən, hüquqları tapdanan insanların hüquqlarını mdüafiə edənlərə qarşı son zamanlar yerli icra hakimiyyətinin və onların əlaltıları tərəfindən həyata keçirilən bu özbaşınalıqlara, qanun pozuntularına və insanlarda xof yaratmaq siyasətinə öz etirazını bildirib. Qərargah eyni zamanda bildirib ki, bu ilin may ayının 5-də dövlət başçısı İlham Əliyevin Sabirabad, Saatlı, İmişli və s. rayonlara səfər etməsi, aidiyyatı dövlət qurumlarına daşqınların yaratdığı problemlərin tezliklə həll edilməsi ilə bağlı lazımı tapşırıqlar verməsinə baxmayaraq ümumi vəziyyət yaxşılaşmaq əvəzinə getdikcə pisləşir. Bu bir daha onu göstərir ki, korrupsiyaya  uğramış bir sıra məmurlar dövlət başçısının sərəncamlarına və dövlətin ali qanunlarına məhəl qoymurlar. “Kür” Qərargahı aidiyyatı qurumları baş verənlər barədə lazımi ölçü götürməyə çağırır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal