Xarkovda poçtda girov saxlanılanlar azad olunub. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko bildirib.
Petro Poroşenko "Tvitter" sosial şəbəkədə bildirib ki, Xarkovda bütün girov saxlanılanlar azad olunub: “Cinayətkar saxlanılıb. Milli polis və təhlükəsizlik xidmətinin əməkdaşlarına yaxşı işlərinə görə təşəkkürümü bildirirəm".
21:53
Ukraynanın Xarkov şəhərində qorxulu anlar yaşanıb. Modern.az xəbər verir ki, naməlum şəxs poçt şöbəsində 11 nəfəri girov götürüb. Girovlar arasında 2 uşaq da var. Həmin şəxs üzərinə partlayıcı qurğu bərkidildiyini və onu işə salmağa hazır olduğunu bildirib.
Polis baş verən insidentin qarət məqsədi daşıdığını istisna etmir.
Xarkov vilayətinin polis rəisi Oleq Bex insanları girov götürən şəxslə əlaqə yaradıldığını, lakin onun hər hansı tələb irəli sürmədiyini deyib. Baş verən insidentlə bağlı operativ ştab yaradılıb. Hadisə yerinə yerli polisin rəhbərləri, həmçinin tibb işçiləri, yanğınsöndürənlər və partlayıcı qurğu üzrə mütəxəssislər gəliblər.
Hazırda həmin şəxslə danışıqlar aparılır. Ona təslim olmaq və girovları azadlığa buraxmaq təklif olunub. Əks-təqdirdə polisin güc işlətməyə başlayacağı bildirilir.