Soçidə keçirilən MDB müdafiə nazirlərinin görüşündə “Hərbi Birlik-2011” planı müzakirəyə çıxarılıb
Azərbaycanın da daxil olduğu MDB üzvü olan ölkələrin iştirakı ilə 2011-ci ilin avqust-sentyabr aylarında “Hərbi Birlik-2011” döyüş təlimlərinin keçirilməsi planlaşdırılır. Modern.az bildirir ki, bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı press-relizdə açıqlanıb.
MDB üzvü olan ölkələrin müdafiə nazirlərinin Soçi görüşü ilə bağlı yayılan bu məlumatda qeyd edilir ki, “müdafiə nazirləri birgə hərbi təlimin keçirilməsi ilə bağlı müzakirə aparacaqlar“.
“Bu təlimlər Birlik üzvü olan ölkələr üzrə atıcı, HHQ, HHMQ və digər qoşun növlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, Soçidə bu gün başlanan görüş Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun sədrliyi ilə keçirilir. Görüşdə iştirak edən müdafiə nazirləri 2015-ci ilədək MDB ölkələri arasında hərbi əməkdaşlıq Konsepsiyasının reallaşdırılması üçün praktik yolları müəyyənləşdirəcəklər.
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Soçidə keçirilən görüşdə iştirak edir.
X. SƏFƏROĞLU