Modern.az

Tələbələr birliyindən etiraz: "Təhsilhaqlarının belə artımı qanunsuzdur..."

Tələbələr birliyindən etiraz: "Təhsilhaqlarının belə artımı qanunsuzdur..."

6 İyul 2011, 17:10

Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi ali məktəblərdə təhsil haqlarının artırılması problemilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Birlik rəhbəri Elnur Məmmədov hazırki durumda təhsil haqqı artımının düzgün olmadığını bildirib. O qeyd edib ki, əslində qiymət artımını Tarif (Qiymət) Şurası tənzimləməli olduğu halda, bu qərarın Nazirlər Kabineti tərəfindən verilməsi başadüşülən deyil. E.Məmmədov həmçinin vurğulayıb ki, təhsilin keyfiyyətini yüksəltmədən bu sahədə qiymət artımı tamamilə qanunsuzdur:
“Əvvəla qiymətlərin artırılması üçün əvvəlcə keyfiyyəti artırmaq lazımdır. Bundan əlavə, təhsil haqları artırılarkən əhalinin maddi durumu da nəzərə alınmalıdır. Bu günkü qiymət artımı aztəminatlı ailələrin təhsildən kənarda qalmasına səbəb olacaqdır”.

Qəbul olunması nəzərdə tutulan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına da toxunan E.Məmmədov Nazirlər Kabinetinin qərarının bu proqramla ziddiyyət təşkil etdiyini, gənclərin təhsildən kənarda qalmasının qarşısının alınması üçün rəhbərlik etdiyi təşkilatın təkliflər hazırladığını vurğulayıb. O, həmin təkliflərin Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə göndəriləcəyini bildirib.

Tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələri də təhsil haqqlarının artırılmasınının qanunsuz olduğunu, buna görə də təhsil haqqlarının aşağı salınmalı olduğunu bildiriblər.

Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi sözügedən məsələyə dair aşağıdakı təkliflər hazırlayıb:

- Ödənişli ixtisaslarda təhsil alan tələbələr üçün minimum əmək haqqı miqdarında təqaüd verilməsi;

- Ödənişli ixtisaslarda təhsil alan tələbələr üçün təhsilini başa vurduqdan sonra ödəmək şərti ilə güzəştli kredit verilməsi;

- Ödənişli ixtisaslarda təhsil alan tələbələrin yataqxanalarda yerləşdirilməsinin təmin edilməsi;

- Pedaqoji ixtisaslar üzrə qiyabi şöbələrdə ödənişli təhsil alan tələbələrin işləmək üçün müəllim çatımayan regionlara göndərilməsi, bununçün onlara şərait yaradılması və xüsusi güzəştlər tətbiq edilməsi;

- Özəl ali təhsil müəssisələrinin təhsil haqqından asılılığının azaldılması və onların maddi texniki bazasının yaxşılaşdırılması üçün dövlət tərəfindən vəsait ayrılması.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal