Modern.az

Daxili İşlər Nazirliyi: "O dələduzlara inanmayın..."

Daxili İşlər Nazirliyi: "O dələduzlara inanmayın..."

6 İyul 2011, 18:25


Azərbaycan Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, son dövrlər telekommunikasiya şəbəkələrindən istifadə edilməklə müxtəlif hüquqazidd əməllərin törədilməsi hallarının getdikcə çoxalması müşahidə olunmaqdadır.
Əslində aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi daşıyan və qanunvericiliyə görə dələduzluq sayılan belə hüquqazidd əməllərin törədilməsi üsullarından biri də elektron əqdlərin bağlanması barədə internet şəbəkəsində qəsdən həqiqətə uyğun olmayan məlumatların yerləşdirilməsidir.

Əsas etibarı ilə ayrı-ayrı xarici dövlətlərin vətəndaşları tərəfindən internet saytlarında bahalı avtomobillərin, müxtəlif növ texnikanın, məişət əşyalarının və s. alqı-satqısına, habelə işə düzəltmədə və təhsilə göndərilmədə vasitəçiliyə dair elanlar yayılır. Elektron lotoreya oyunlarında, mükafat fondu olan müsabiqələrdə böyük məbləğdə pul uduşunun olması, müvafiq mükafatın rəsmiləşdirilməsi üçün uduşun müəyyən hissəsinin təqdim olunan bank hesabına köçürülməsinin zəruriliyi kimi sadəlövh insanları aldatmağa hesablanmış məlumatlar daha geniş xarakter almaqdadır. 

“Təəssüf ki, ayrı-ayrı vətəndaşlarımız kibermühitdə rast gəlinən belə cinayətlərin qurbanına çevrilir, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və ya işlərin görülməsi barədə internetdə gedən elanlara inanaraq onları hərtərəfli yoxlamadan külli miqdarda pullarını cinayətkarların bank hesablarına köçürür və yalnız müəyyən müddətdən sonra aldandıqlarını başa düşüb kömək üçün rəsmi dövlət orqanlarına müraciət edirlər”-deyə nazirlik bəyan edib.

DİN-nin məlumatına görə, vətəndaş A.Ş. nazirliyə müraciətində bildirib ki, o, işləmək məqsədilə viza göndərilməsi üçün Kanadada fəaliyyət göstərən "Azerbaijan-Amerika" şirkətinin nümayəndəsi Əli İsmayılfiruzla internet vasitəsilə əlaqə saxlayıb və bank vasitəsilə onun hesabına 2 min ABŞ dolları vəsait köçürüb. Ə.İsmayılfiruz isə ona internet vasitəsilə Q 002946 nömrəli viza göndərib. Sonradan həmin vizanın saxta olması müəyyən edilib.
 
Özünü baş maliyyə inspektoru və eyni zamanda Malayziyadakı "Affin Bank"ın auditoru kimi təqdim edən En Kok Sin adlı şəxs internet vasitəsilə ayrı-ayrı vətəndaşlara müraciət edərək bildirib ki, apardığı yoxlamalar zamanı 15 il əvvəl vəfat etmiş Azərbaycan əsilli şəxsin hesabında 9 milyon 200 min ABŞ dolları vəsaitin olduğunu müəyyən edib, guya investorun ölümündən sonra onun əmlakına varis çıxan olmayıb. Bu müraciətin də dələduzluq məqsədilə yazılması müəyyən olunub.

Başqa bir misal. Vətəndaş C.K. isə polis orqanlarına müraciət edərək bildirib ki, Böyük Britaniyada fəaliyyət göstərən şirkətlərdən birinin meneceri Lars Vauer adlı şəxslə internet vasitəsilə əlaqə yaradaraq "Apple I-Phone" markalı mobil telefonların alqı-satqısı ilə maraqlanıb. Bundan sonra onunla 200-dək mobil telefonun alınması və DHL kuryer şirkəti vasitəsilə Azərbaycan Respublikasına göndərilməsi barədə razılıq  əldə olunub. Lars Vauer telefonların orijinal olmasını sübut etmək üçün həmin markadan 1 ədəd mobil telefon göndərib. Ötən il fevralın 26-dan bu günə kimi Lars Bauerə hissə-hissə 97 min 252 ABŞ dolları məbləğində vəsait ödəməsinə baxmayaraq nə pulun, nə də telefonların aqibətindən xəbər yoxdur.

Vətəndaş M.E. də polis orqanlarına müraciətində dələduzluq edən bir sıra şəxslər tərəfindən aldadılaraq guya "Nokia" şirkəti tərəfindən keçirilən lotoreya oyununda qalib gəldiyinə inandırılmasını, külli miqdarda ziyana düşdüyünü bildirib.  

Həmçinin vətəndaş A.Ə-nin internet saytlarının birində satışda olan                   "Land Rover" markalı avtomaşını almaq məqsədilə köçürdüyü 14 min ABŞ dolları, C.A.-nın internet vasitəsilə uduş kompaniyasının qalibi olmasına inandırılaraq London şəhərində yaşayan bir nəfərin ünvanına göndərdiyi 5845 ABŞ dolları, B.İ.-nin internet vasitəsilə keçirilən oyunda qalib olması barədə məktub aldıqdan sonra udduğu məbləği əldə etmək üçün sənədləşmə işlərinə sərf edilməsi üçün köçürdüyü 4 min ABŞ dolları, N.Ə.-nin nternet saytlarının birində satışda olan kompüteri almaq məqsədilə köçürdüyü 1.200 ABŞ dolları, X.X.-nin mobil telefon almaq üçün köçürdüyü 370 ABŞ dolları da dələduzlar tərəfindən mənimsənilib. 

Araşdırmalar göstərir ki, dələduzların tələsinə düşən yüzlərlə vətəndaş bu və buna bənzər üsullarla törədilən analoji cinayətlərin qurbanı olub.

Daxili İşlər Nazirliyi vətəndaşları sayıq olmağa, işbazların şirnikləndirici təkliflərinə inanmamağa çağıraraq, eyni zamanda, diqqətə çatdırır ki, elektron əqdlər bağlamazdan əvvəl qanunla müəyyən edilmiş bütün tədbirlər görülməli, o cümlədən «Elektron ticarət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satış, xidmət və ya iş görmək təklif edən hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə məlumatları (telefon, faks, internet və elektron poçt ünvanı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və s. məlumatların mötəbərliyi mütləq qaydada yoxlanılmalı, şübhə doğuran hallar olduqda pul köçürmələri həyata keçirilməməlidir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj