Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib. (AzərTAc)
İlham Əliyev bu səfərin nümayəndə heyətinin üzvləri üçün ölkəmizi daha yaxından tanımaq və eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsinə kömək göstərmək baxımından əhəmiyyətindən danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın BMT-də təmsil olunan ölkələrlə yaxşı əlaqələri var. Qonaqların təmsil etdikləri ölkələrlə Azərbaycanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident həmin ölkələrlə gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib. Dövlət başçısı Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və qarşılıqlı sərmayələrin qoyuluşunun müsbət nəticə verə biləcəyini vurğulayıb və deyib ki, Azərbaycanın güclü iqtisadi potensialı mövcuddur, müxtəlif qitələrdə nəhəng sərmayə qoymaq imkanları var və nümayəndə heyətinin səfəri zamanı bu imkanların nəzərdən keçirilməsi mümkündür. Prezident İlham Əliyev Azərbaycanın bölgələrindən birinə də səfər etmələrinin nümayəndə heyətində ölkəmiz haqqında yaxşı təəssürat yaratmağa kömək edəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyəti adından danışan Qambiyanın BMT yanında daimi nümayəndəsi xanım Süzan Vaffa-Oqu bildirib ki, ölkəmizə səfərlərindən məmnundurlar. Qəbula görə Prezident İlham Əliyevə təşəkkür edən qonaq Azərabaycanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətini də yüksək qiymətləndirib. “Azərbaycan haqqında kənardan məlumat almaq mümkündür. Lakin səfər zamanı biz Azərbaycan haqqında birbaşa daha dolğun məlumat əldə edə biləcəyik”, - deyən BMT təmsilçisi səfərlərinin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Prezident İlham Əliyev bildirib ki, ikitərəfli əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılmalıdır. “Bunun üçün bizim siyasi əlaqələrimiz var”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, ikitərəfli əlaqələr iqtisadi sahədə də genişlənməlidir. Azərbaycanın bu sahədə çox işlər görə biləcəyini diqqətə çatdıran dövlət başçısı bildirib ki, ölkəmiz daim sərmayə qoymaq imkanlarından daha səmərəli istifadə etmək axtarışındadır.
Prezident İlham Əliyev əlaqələrin beynəlxalq formatda genişləndirilməsi zərurətindən də danışıb. Dövlət başçısı nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Qeyd edib ki, erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə BMT Təhlükəsizlik Şurası, Baş Məclisi və digər beynəlxalq təşkilatların qətnamə və qərarları var. Bu sənədlərin kağız üzərində qalmasından təəssüf hissi keçirdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, birgə çalışaraq elə bir mexanizm yaradılmalıdır ki, bu cür qərarlar icra edilsin. Dövlət başçısı deyib ki, ölkələr bir-birinin problemlərinə həssas yanaşmalı və kömək etməlidir. Azərbaycanın açıq ölkə olduğunu deyən Prezident İlham Əliyev BMT-dəki nümayəndəliyimizin xalqlar və ölkələr arasında əlaqələrin daha yaxşı qurulması üçün fəal iş gördüyünü söyləyib.
Azərbaycan Prezidenti nümayəndə heyətinin üzvlərinə təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına salamlarını çatdırmağı xahiş edib və onları münasib bildikləri vaxtda Azərbaycana səfərə dəvət edib.