Ukraynada “Qrom-2” operativ-taktiki raketlərinin sınaqları keçirilib. “Qrom-2” operativ-taktiki raketləri 280 kilometrə qədər məsafədə hədəfləri vurmaq üçün nəzərdə tutulub, tatiki-texniki göstəricilərinə görə Rusiyanın “İsgəndər-M” raketlərinə yaxındır. Bir müddət əvvəl bəzi xarici mənbələrdə Azərbaycanın da “Qrom-2” raketlərinə maraq göstərdiyi haqda xəbərlər yayılmışdı.
Perspektivdə Azərbaycan bu raketləri ala bilərmi?
Məsələ ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a danışıb:
“Bu saat sınaqdan keçən raketlər haqqında konkret söz demək çətindir. Eyni zamanda hazırda Azərbaycanın hansısa ağır silah almağa ehtiyacının olduğu görünmür. Çünki Azərbaycan o tipli silahlarla artıq öz Silahlı Qüvvələrini təmin edib. Yenə də bu məsələnin həlli praktiki müstəviyə keçəndə o zaman bir çox amilləri nəzərə almaq lazımdır. O ki qaldı imkanlara, əlbəttə, Azərbaycanın hər hansı silahı almağa imkanı var.
Sadəcə Qarabağ bölgəsində gələcək döyüşlərdə bu silahın tətbiq effekti nə dərəcədə olacaq? Bu silah bizə lazımdırmı? Bizdə olan silahlarla müqayisədə bu silahın üstünlüyü varmı? Bu kimi suallara cavab tapdıqdan sonra addım atmaq lazımdır. Lakin Ukrayna “Qrom-2” operativ-taktiki raketləri bizə satacaqmı? Bu o qədər də vacib məsələ deyil. Çünki Azərbaycanda bu tipli silahlar var”.
Müsahibimiz qeyd edib ki, ehtiyac olarsa, Azərbaycan “Qrom-2” operativ-taktiki raketləri ala bilər:
“Digər tərəfdən uzun mənzilli, həcmli silahlara o qədər də ehtiyac yoxdur. Çünki Dağlıq Qarabağın dərinliyi, azad edilməli olan ərazi 100 kilometrə yaxındır. Silahlı Qüvvələrimizin təmas xəttindən tutmuş o ərazinin son nöqtəsinə kimi hədəfləri vurmaq üçün potensialı var. Bizim əsas məqsədimiz də öz ərazi bütövlüyümüzü bərpa etmək və işğal edilmiş torpaqları azad edib qaytarmaqdır. Bunu da yerinə yetirmək üçün bizdə kifayət qədər silah-sursat mövcuddur. Əgər “Qrom-2” operativ-taktiki raketlərinin ölkəmizin gələcək tapşırığını yerinə yetirməyə xidmət edəcəyi təsdiq edilsə, Azərbaycan bu silahı əldə edəcək”.