ADP sədri Sərdar Cəlaloğlunun “Kölgə kabineti” istiqamətində apardığı işin məqsədi 2013-cü ildə keçiriləcək prezident seçkisi üçün müxalifətin vahid namizədinin müəyyən edilməsidir. Bunu Modern.az-a bu prosesdə iştirak edən, adının açıqlanmasını istəməyən mənbə bildirib. Mənbənin sözlərinə görə, hazırda ADP tərəfindən aparılan danışıqlar prosesində tərəflərə seçki blokunun yaradılmasının vacibliyi və vahid namizədin müəyyənləşməsi təklif olunur.
“Sərdar Cəlaloğlu həmfikir quvvələrin seçki blokunun yaradılması, müxalifət düşərgəsinin prezident seçkilərində vahid namizədinin müəyyən edilməsi üçün proseslərə start verilməsini istəyir. Bu istiqamətdə aparılan danışıqlarda KXCP, ALP, AXCP-nin iştirakı təklif olunub. Hələlik prosesin nəticəsi bəlli deyil. Danışıqlarda fəal olan Ümid Partiyasının sədri İqbal Ağazadə prezident seçkilərində iştirak edəcək vahid namizədin müəyyən edilməsi ideyasını dəstəkləyib. Lakin digər partiyalar hələlik konkret mövqe bildirməkdən imtina edirlər”-deyə mənbə vurğulayıb.