2017-ci ilin iyul ayından etibarən velosipedləri geniş kütləyə təqdim edən “İSMA Bikes” velosiped zavodunun bu il üçün hədəfləri açıqlanıb.
Bu barədə Modern.az-a danışan direktor Elçin Qəhrəmanov deyib ki, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, zavod, ili uğurla başa vurub:
“Bildiyiniz kimi, zavod ötən ilin sonuncu rübündən tam fəaliyyətə başladı. Həmin dövrdə qarşıda duran bütün məsələləri icra etdik. Satışların təşkili üçün dilerlərlə əlaqələr qurduq”.
Zavod rəsmisi həmçinin, 2017-ci ildə satılan velospedlərin sayını açıqlayıb:
“Ötən il ərzində 1500 velosiped satılıb. Amma nəzərə almaq lazımdır ki, zavod ilin son rübündə tam gücü ilə işləməyə başladı. Həm də bütün satış dillerlərindəki məlumatlar tam toplanmayıb”.
E.Qəhrəmanov bildirib ki, bu il üçün əsas hədəflərdən biri əlil arabalarının istehsalıdır:
“2018-ci il üçün 30 minə yaxın velosiped istehsalı planlaşdırırıq. Eyni zamanda, əlil arabalarının istehsalı həyata keçiriləcək. 2018-ci ildən gözləntilərimiz daha çoxdur”.
Zavod rəsmisi velosipedin bəzi hissələrinin Azərbaycanda istehsalına başlanacağını vurğulayıb:
“Əsasən, velosipedlərin təkərlərinin Azərbaycanda istehsalına başlanacaq. Çünki bunun üçün imkanlarımız var”.