Modern.az

Hansı məhsullarımızı brendləşdirməliyik?

Hansı məhsullarımızı brendləşdirməliyik?

Aktual

10 Yanvar 2018, 09:19

Hər bir ölkə haqqında təsəvvürlərin formalaşmasında həmin ölkədə istehsal edilən mal və məhsulların müəyyən rolu var. Lakin elə məhsullar var ki, bizə aid olsa da onu brendləşdirə bilmirik. Məsələn, Göyçay narımız olsa da, ermənilər bu məhsuldan bizdən çox istifadə edir. Hətta brendləşdirməyə cəhd edirlər desək, yanılmarıq.

Maraqlıdır, Azərbaycanda hansı məhsulların brendləşməsinə ehtiyac var?  Ümumiyyətlə bu proses necə olmalıdır?

 

Məsələ ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru, Azexport portalının rəhbəri Zaur Qardaşov  Modern.az-a danışıb:

 

“Azərbaycan məhsullarının xarici bazarlarda düzgün təşviqini həyata keçirmək üçün düzgün strategiya qurulmalıdır. Bir çoxları hələ də brend, ticarət nişanı və ya coğrafi adların qorunması arasında olan fərqi bilmir. Ancaq bu sahəni tənzimləyən çoxlu konvensiyalar və beynəlxalq sazişlər var. Biz narı və ya hər hansı meyvəni brendləşdirə bilmərik. Çünki bu məhsulun ümumi qəbul olunmuş adıdır və nar təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə yetişdirilir. Ancaq məsələn “Göyçay narı” və ya “Pip dolması” dedikdə burda artıq beynəlxalq qanunvericiliyə uyğun olaraq Mənşə yerin qorunan adı (PDO), Qorunan coğrafi göstərici (PGI) və ya Ənənələrə zəmanət (TSG) kimi mexanizmlərdən biri tətbiq edilə bilər. Hər üçünün müxtəlif xüsusiyyətləri ilə yanaşı ortaq əsas şərti də var. Sözügedən mexanizmlər dəqiq müəyyən edilmiş məhsulun yalnız coğrafi mühit, iqlim xüsusiyyətləri və ya insan amillərindən təsirləndiyi bölgədə istehsalını nəzərdə tutur.

 

Emal olunmuş məhsullara nisbətdə isə, qeyd olunan qorunma mexanizmləri ilə bərabər əlavə olaraq brend və ticarət nişanları istifadə edilməlidir. Bu cür adların qeydiyyatı üçün dövlət tərəfindən müvafiq dəstək göstərilir. Məhz bu səbəbdən, “Made in Azərbaycan” məhsullarının xaricdə təşviqi ekspertlərin iştirakı ilə hazırlanmış dəqiq və məqsədyönlü plan əsasında əlaqələndirilərək həyata keçirilməlidir. Əks halda, sərf olunan səylər nəinki lazımı nəticə vermir, hətta əks effekt yarada bilər".

 

İqtisadçı ekspert Pərviz Heydərov  saytımıza açıqlamasında bildirib ki, bazarı nəzərə alıb, istehsal sahəsi yaratmaq lazımdır:

 

“İxracı bir anda dəfələrlə qaldırmaq əsla mümkün deyil. Bu mexanizmə kompleks tədbirlərin bir hissəsi kimi yanaşmaq lazımdır. İxrac yetərincə mürəkkəb prosesdir. Buraya istehsal, daxili bazarın ehtiyaclarının ödənilməsi, keyfiyyət- kəmiyyət kimi məsələlər daxildir. Eyni zamanda, xarici bazarlardakı durum, müştərilərin alıcılıq qabiliyyəti, tələbatın dəyişməsi kimi amillər də nəzərə alınmalıdır.

 

Daxili bazardan danışarkən bunu vurğulayaq ki, müəssisə yaradıb, sonra bazarı düşünmək yox,  bazarı nəzərə alıb, istehsal sahəsi yaratmaq lazımdır. Bunun üçünsə marketinq deyilən bir sahə var. Əgər qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, öncə marketinqə diqqət yetirmək vacibdir. Odur ki, marketinq üzrə mütəxəssislərə ehtiyac var. Digər tərəfdən, istənilən halda bazar amili mühüm şərtdir. İlk növbədə daxili bazarın qayğısına qalmaq, yerli bazarı idxaldan asılıldan qutarmaq lazımdır - məhz bu fonda ixracı genişləndirə bilək.

Elə məhsullar var ki, dünya bazarlarında onlara həmişə böyük ehtiyac var. Ancaq bunların hamısı xammal məhsullarıdır.

 

İnkişaf etmiş ölkələr, demək olar ki, hansı növ emal məhsulları varsa və buna ehtiyac duyurlarsa, özləri istehsal edirlər. Odur ki, emal məhsulları ilə dünya bazarlarına çıxmağımız nə yaxın, nə də orta perspektivdə belə real görünür. Çünki yüksək rəqabətə dözən məhsullar istehsal etmək gərəkdir. Bu isə asan iş deyil”.

 

Ekspert həmçinin "Made in Azerbaijan" brendi altında birləşə biləcək məhsullardan da söz açıb:

 

“Əvvəla, yüksək texnologiyaya sahib olmalısan, ikincisi isə, kadr potensialın yetərli olmalıdır. Texnologiyanı pulla alıb gətirmək olar, amma yüksək ixtisaslı mütəxəssislər yetişdirmək uzun zaman tələb edir.

 

Fikrimcə, Azərbaycan ixracını hələ ki sırf xammal tədarükü üzərində qursa, daha məsləhətlidir. Bununla yanaşı, emal məhsullarına diqqət yetirmək vacibdir. Xüsusən, kənd təsərrüfatı məhsullarının emalı üzrə məhsullara... Bundan əlavə, məsələn, ölkədə mebel sənayesinin inkişafı üçün bir sıra dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var və bunun görülməsi böyük effekt verə bilərdi.

 

Düşünürəm ki, hökumət bu sahədə düşünməli və nəzərə alınmalıdır ki, ölkədə mebel sənayesinə əgər xüsusi diqqət yetirilərsə, yaxın 3-4 ildən sonra "Made in Azerbaijan" brendi altında ən çox tanınan məhsullarımız sırasında mebellərimiz də mühüm yer tutacaq. Qeyd etməliyəm ki, xarici ölkələrə gedən vətəndaşlarımız ölkəni təbliğ baxımından şərab, digər spirtli içki növləri, xalçalarımız, ipək, mineral sularımız, çay məhsullarımız və bu kimi məhsullarımızdan istifadə edə bilərlər”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək