Modern.az

“Qurultay üçün AXCP, Müsavata verilən yer REAL-a niyə ayrılmır?”

“Qurultay üçün AXCP, Müsavata verilən yer REAL-a niyə ayrılmır?”

Aktual

10 Yanvar 2018, 11:58

Ötən il  Respublikaçı Alternativ Hərəkatı  təsis qurultayı keçirmək üçün müvafiq qurumlara dəfələrlə müraciət etsə də, müsbət cavab  ala bilməyib. Hətta Müsavat Partiyası REAL-a yer vermək fikrində olsa da, bu, mümkün olmayıb.

 

2018-ci ildə REAL qurultayla bağlı hər hansı addım atacaqmı?

 

REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə müəyyən addımlar atılacaq:

 

“2018-ci il yeni başlayıb. Çox güman ki, yaxın günlərdə  REAL-ın idarə heyəti və təşkilat komitəsi yenidən toplanacaq və bu ilin yol xəritəsi ilə bağlı ciddi müzakirələrimiz olacaq.

 

Hər halda qurultayla bağlı fikrimizdə qalırıq. Bu il təsis qurultayını keçirməyə, bu yolda bütün fürsətlərdən istifadə etməyə çalışacağıq.  Güman ki, yenidən müraciətlərin edilməsi ilə bağlı da addımlar atılacaq. Hökumət heç olmasa, digər müxalif siyasi partiyalara tədbirlərin keçirilməsinə imkan verdikləri halda, nə üçün REAL-a şərait yaratmadıqlarının aydın izahı verməlidir. Ən azından bu suala cavab almaq üçün yenidən müraciətləri davamlı şəkildə aparacağıq.

 

Bizdən asılı olan bütün işləri görmüşük. Təsis üçün təşkilat, bütün proqram tələbləri və nizamnamə tam hazırdır. Sadəcə qeyd etdiyim kimi bizə məkan lazımdır. Maraqlıdır, qurultay üçün AXCP, Müsavata verilən yer nəyə görə REAL-a verilmir?”.

 

N.Cəfərli qurultayla bağlı ümidli olduqlarını vurğulayıb:

 

“Azərbaycanda hər şey dəyişən səviyyədədir, olmayacaq deyə bir şey yoxdur. Ola bilər ki, verilmiş siyasi qərarlarda müəyyən dəyişikliklər olsun və növbəti müraciətlərimizə müsbət cavablar verilsin. Bizim əlimizdən başqa bir şey gəlmir. Yəni Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq addım atmaq istəyirik.  Xülasə, bizim ölkədə hər  şey mümkündür”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi