“Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan 2017-ci il də əlamətdar il olub, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir”. Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident qeyd edib ki, Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir: “İndi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq.
Eyni zamanda, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir. Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənib, azad edilib və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur.
Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olub. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.
Prezident qeyd edib ki, bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq: "Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər".
İlham Əliyev vurğulayıb ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənib: “Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. O da həqiqətdir ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir və görür ki, separatizm nədir. Biz isə aqressiv separatizmlə üzləşmişik. Bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır. Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.
Prezident qeyd edib ki, hərbi gücümüz ötən il daha da artıb: “Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib”.