İyulun 9-da 56 jurnalistdən ibarət qrup Ermənistandan Dağlıq Qarabağa gəlib. Modern.az erməni informasiya resursu “armtoday”a istinadən bildirir ki, qrupa erməni, rus və amerikalı jurnalistlər daxildir.
Üzdəniraq jurnalistlər erməni diasporuna daxil olan mesenatların separatçı “DQR”ə yatırdığı investisiyalar çərçivəsində görülən işlərlə, buradakı qanunsuz erməni Apostol kilsəsinin inkişaf sferası ilə tanış ediləcəklər. Bundan başqa, onların qondarma “respublika”nın dini rəhbəri arxiyepiskop P.Martirosyanla görüşü də planlaşdırılıb.
Ermənilər bildiriblər ki, jurnalistlər Ağdərə, Xankəndi, Şuşada olacaqlar, Dağlıq Qarabağın mərkəzində inşa olunan qeyri-qanuni aeroporta baş çəkəcəklər, bazar günü axşam isə İrəvana qayıdacaqlar.
Dağlıq Qarabağa qanunsuz səfərin iştirakçıları olan rus və amerikan jurnalistlərin Azərbaycan tərəfinin “qara siyahısı”na salınmasından ehtiyatlanan ermənilər onların adlarını gizli saxlamağı qərara alıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi belə səfərlərin qanunsuz olduğunu bildirir və xarici jurnalistləri işğal olunmuş bölgələrimizə icazəsiz gəlişlərdən çəkinməyə çağırır. Amma bu çağırışlara məhəl qoymayanlar az deyil. Məsələn, Azərbaycan XİN işğal olunmuş ərazilərimizə səfər etdiyinə görə bir müddət öncə Rusiyanın "Exo Moskvı" radiostansiyasının baş redaktorunun müavini Sergey Buntmanı “persona non qrata” elan edib və ona Azərbaycan ərazisinə gəlməyə qadağa qoyub.
Modern.az