2017-ci il ərzində 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 680 şəhadətnamə verilib.
Modern.az xəbər verir ki, bu barədə bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub.
Rəsmi məlumata görə, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib. Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib
Ötən il Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olub, onların müəllif-hüquq məsələləri üzrə 1400-dən artıq müraciət və sorğusuna baxılıb və qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilib, müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 15 məhkəmə iclasında iştirak edilib, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı 10 ekspert rəyi hazırlanıb.
Hesabat ilində kadrlarla iş müvafiq qanunvericiliyə uyğun aparılmış, 11 nəfər vəzifədə yüksəlmə yolu ilə qanunvericiliklə müəyyən edilmiş qaydada irəli çəkilib, kadrlarla bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilib.