Millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayeva Bayburtda keçiriləcək Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalında iştirak edəcək. Bu barədə Modern.az-a deputatın özü məlumat verib.
Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalı 13-18 iyul 2011-ci il tarixdə Türkiyənin Bayburt şəhərində keçiriləcək. 1995-ci ildən “Dədə Qorqud”un şərəfinə keçirilən bu mərasimlərdə, Türk Dilli Dövlətlərin, Türk dünyasının, o cümlədən başqa dövlətərin ərazilərində yaşayan türk icmalarının elm, siyasət, ədəbiyyat, incəsənət və sənət adamları iştirak edir. 2011-ci ilin Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalına Türkiyə, Azərbaycan, Albaniya, Makedoniya və s. kimi ölkələrdən siyasət, elm, ədəbiyyat və sənət adamları dəvət olunublar.
Festivalda Azərbaycanı millət vəkili Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlı təmsil edəcək. Millət vəkili Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edəcək və festival çərçivəsində Türkiyədən və digər Türkdilli dövlətlərdən və toplumlardan olan rəsmi şəxslər, bölgə rəsmiləri ilə görüşlər keçirəcək.
Mərasim proqramı rəngarəngdir və burada Türk dünyasının foto və rəsm sərgiləri, müxtəlif ölkələrdən folklor ansambllarının çıxışları, tarixi yerlərə ziyarətlər, şeir yarışmaları, “Dədə Qorqud” mövzusunda teatr tamaşaları və s. kimi tədbirlər daxildir. Festivalın təşkilatçısı Bayburt valiliyidir.
Modern.az