Azərbaycan mətbuatında bir sıra sözlərin yazılışı ilə bağlı qarışıqlıq müşahidə olunur. Bu sıraya bir neçə yüksək dövlət vəsifəsinin adını bildirən sözlər də daxildir. Bir az da konkretləşdirsək, bunların Prezident, Baş nazir, Baş prokuror ifadələri olduğunu qeyd edə bilərik.
Əksər hallarda ölkə mətbuatında hər üç vəzifənin adı kiçik hərflə yazılır. Yalnız rəsmi media orqanlarında Prezident, Baş nazir, Baş prokuror sözlərinin böyük hərflə başladığını müşahidə edirik.
Bəzi hallarda buna görə rəsmi mətbuata irad tutan köşə yazarları da olub və olaya ironiya ilə yanaşaraq həmin vəzifələrin adlarının böyük hərflərlə yazılmasını tənqid ediblər.
Bəs mövcud qayda və tələblərə görə kim düzdür, Prezident, Baş nazir, Baş prokuror vəzifələrinin adları kiçik hərflə yazılmalıdrı, ya əksinə?
Modern.az bununla əlaqədar mövcud qanunvericiliyə müraciət edib. Ölkə başçısının 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"da hansı vəzifə adlarının necə yazıldığı müəyyənləşdirilib.
Təlimatın 39-cu müddəasında qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları göstərilib. Sənəddə bildirilib:
“Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokurorudur. Bu vəzifələr istisna olamaqla, qalan vəzifə adları kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və s.).
Modern.az