Prezident İlham Əliyev Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində müasir İdman-Konsert Kompleksinin tikintisini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 (altı) milyon manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.
***
Prezident Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam da imzalayib.
Bu sərəncama görə, 46 min nəfər əhalinin yaşadığı 21 kəndi, 6 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Xındırıstan-Əhmədağalı-Əfətli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,0 (altı) milyon manatı Ağdam Rayon İcra Hakimiyyətinə ayrılır.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Modern.az