Rusiya Qəbələ RLS-lə bağlı Azərbaycanın şərtlərinə qarşı “şərtlər” irəli sürməyə başlayır
Rusiyanın icarəsində olan Qəbələ Radiolakasiya Stansiyasında (RLS) xidmət edən rus hərbçiləri hökumətlərinin onlara olan diqqətindən narazıdır. RLS-də xidmət keçən hərbçilər narazılıqlarını Rusiyanın Müdafiə Nazirliyinə bildiriblər. Bu barədə “Bizim Yol” qəzeti məlumat yaylıb. Qəzet bildirib ki, hərbçilərin narazılığına əsas səbəb uzaqda xidmət keçmələrinə baxmayaraq, aylıq məvaciblərinin kifayət qədər olmaması və illik məzuniyyətə gec buraxılmalarıdır. Belə ki, rus hərbçiləri Azərbaycanda ərzaq qiymətlərinin baha olmasını əsas gətiriblər. Xəbərdə daha sonra qeyd olunur ki, RLS-də xidmət keçən hərbçi ailələrinin yaşadığı şəhərcikdə də vəziyyət ürəkaçan deyil. Belə ki, şəhərcikdə ciddi kommunal problemlər oratya çıxır. Problemin bir səbəbi şəhərciyə yaxın yerdə məcburi köçkünlər üçün qəsəbənin salınması və ora verilən su və işıq xəttindən kçökünlərə də ayrılmasıdır. Təxminən 450 məcburi köçkün ailəsinin suyu və işığı hərbi şəhərciyə gələn xətlərin hensabına təmin edilir ki, bu da orada yaşayan rus ailələrinin kommunal təminatının ödənməsində problemlər yaradır. Bundan başqa rus hərbçiləri övladlarının təhsilsiz qalmalarından da narahatlıqlarını ifadə ediblər. Onlar Rusiya hökumətinin Qəbələdə rus dilli məktəbin açılmasına səy göstərməsini tələb ediblər.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli hesab edir ki, Qəbələ RLS-dəki rus hərbçilərinin “etirazları” əslində Rusiya tərəfinin bu stansiyanın icarəsinin uzadılmasına Azərbaycan tərəfinin qoyduğu şərtlərə ilkin, neqativ reaksiyasıdır.
“Baxın görün rus hərbçiləri nəyə etiraz edirlər?
- uzaqda xidmət keçmələrinə baxmayaraq, aylıq məvaciblərinin kifayət qədər olmaması və illik məzuniyyətə gec buraxılmaları;
- Azərbaycanda ərzaq qiymətlərinin baha olması;
- RLS-də xidmət keçən hərbçi ailələrinin yaşadığı şəhərcikdə vəziyyətin ürəkaçan olmaması;
- şəhərcikdə ciddi kommunal problemlərin mövcudluğu;
- şəhərciyə yaxın yerdə məcburi köçkünlər üçün qəsəbənin salınması və ora verilən su və işıq - xəttindən kçökünlərə də ayrılması. Guya təxminən 450 məcburi köçkün ailəsinin suyu və işığı hərbi şəhərciyə gələn xətlərin hesabına təmin edilir ki, bu da orada yaşayan rus ailələrinin kommunal təminatının ödənməsində problemlər yaradır.
- övladlarının təhsilsiz qalmaları və s.
Məncə qeyd edilən etiraz hədəflərindən hamısı Qəbələ RLS-in gələcək icarəsi dövründə Azərbaycanın imkanlarından yararlanmaq, Bakının irəli sürdüyü şərtlərə qarşı “şərt” qoymaq niyyətindən başqa bir şey deyil”, - deyə C.Sümərinli bildirib.
C.Sümərinli hesab edir ki, rusiyalı hərbçilərin etirazının və dolayısı ilə Rusiyanın hərbi-siyasi elitasının bu addımının hədəfində bir sıra məqsədlər dura bilər:
- Rusiya hərbi-elitası Qəbələ RLS-də çalışan hərbi qulluqçuların aylıq məvaciblərinin aşağı olmasına diqqət çəkir və bununla da dolayısı və ya birbaşa olaraq Azərbaycan rəhbərliyinin diqqətinə “maliyyə imkansızlığı”nı göstərmək istəyir. Qeyd edək ki, Azərbaycan bu obyektin icarə məbləğinin dəfələrlə artırılmasını istəyir. Eyni zamanda Azərbaycanın şərtləri arasında əhaliyə və turizm bölgəsi hesab olunan Qəbələ rayonunda ətraf mühitə dəyən zərərin kompensasiya olunması var. Beləliklə, Rusiya tərəfi Azərbaycan tərəfinə şatdırmaq istəyir ki, “o qədər də pulu yoxdur”.
- Rusiya istəyir ki, Qəbələ RLS-in ərzaq təminatı üçün məhsul Rusiyadan – Dağıstandan gətirilsin. Onlar Azərbaycanda ərzaq qiymətlərinin baha olmasını səbəb gətirirlər. Məlumatlara görə, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərdə ərzaq təminatının yerli təsərrüfat hesabına həll edilməsinə dair təklifin də yer aldığı bildirilir. Eyni zamanda Bakının şərtlərində Qəbələ RLS-də çalışan hərbçilərin və onların ailələrinin məskunlaşdığı şəhərcikdəki əsas xidmət sahələrinin azərbaycanlılara verilməsi istəyi də var. Bura hərbi şəhərcikdə iaşə xidmətləri, ticarət işləri və s. aiddir. Rusiya tərəfinin bu təklifi qəbul etməməsi hiss olunur;
- Rusiya hərbi elitası istəyir ki, RLS-də xidmət keçən hərbçi ailələrinin yaşadığı şəhərciyin abadlaşmasına Azərbaycan tərəfi maliyyə ayırsın. Prinsip etibarilə onlar icəradardan müasir təmirli şəhərcik tələb etmək arzusundadırlar. Amma Azərbaycanın irəli sürdüyü şərtlərdə stansiyada və hərbi şəhərcikdə modernləşdirmə işlərinin aparılması Rusiya tərəfinin boynuna qoyulur;
- Rusiya hərbi elitası şəhərcikdə ciddi kommunal problemlərin mövcudluğunu əsas gətitərək bu istiqamətdə də Azərbaycanı “yükləmək” istəyir. Qeyd edilir ki, şəhərciyə yaxın yerdə məcburi köçkünlər üçün qəsəbənin salınması və ora verilən su və işıq xəttindən kökünlərə də ayrılması problem yaradır. Guya təxminən 450 məcburi köçkün ailəsinin suyu və işığı hərbi şəhərciyə gələn xətlərin hesabına təmin edilir ki, bu da orada yaşayan rus ailələrinin kommunal təminatının ödənməsində problemlər yaradır. İndi gəlin Azərbaycan tərəfinin şərtlərinin nədən ibarət olduğuna diqqət yetirək. Mətbuatın yazdığına görə, RLS-in enerji ilə qidalanması üçün Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin qiyməti ilə bağlı da Azərbaycanın təklifləri var. Rəsmi Bakı 2010-cu ildə RLS-in 1997-ci ilə qədər elektrik enerjisinə görə yaranmış borcunu silib. Hazırda stansiyaya elektrik enerjisi Azərbaycanda qeyri-əhali kateqoriyasından olan abonentlərə (kommersiya qurumlarına) təyin olunmuş qiymətlə satılır. Azərbaycan isə bu tariflərin artırılmasını (xaricə ixrac qiyməti ilə eyni səviyyəyə çatdırılması) təklif edir. Görünür, Rusiya tərəfi burda da hansısa hiyləgər plana malikdir.
- Rusiyanın hərbi-siyasi elitası Qəbələ RLS-də çalışan hərbi qulluqçuların övladlarının təhsilsiz qalmaları səbəbindən Qəbələdə rus dilli məktəbin açılmasını istəyirlər. Azərbaycanın şərtlərində belə bir məsələ yoxdur. Bu Qəbələ RLS-in yerləşdiyi ərazidə Rusiyanın nüfuzunun gücləndirilməsinə yönəlib və Azərbaycanın milli təhlükəsizlk maraqlarına təhdiddən savayı bir şey deyil.
“Beləliklə, Rusiya hərbi-siyasi elitasının Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması halında rəsmi Bakının ortaya qoyduğu şərtlərə cavab tədbirləri hazırladığı müşahidə olunur. Azərbaycan hakimiyyəti bütün bu məsələləri diqqətlə araşdırmalı və Rusiya rəhbərliyinə konkret cavab verməlidir. Əks təqdirdə, Qəbələ RLS-in növbəti dəfə də icarəyə verilməsi Azərbaycana ziyandan başqa heç nə verməyəcək”, - deyə C.Sümərinli bildirib.
Modern.az