Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” Layihəsinin (SMİL) nəzarətedici missiyası layihənin icrası vəziyyəti ilə tanış olmaq və onun ayrı-ayrı komponentləri üzrə yeni fəaliyyət istiqamətlərini müzakirə etmək üçün Bakıda səfərdədir. İyulun 12-də Layihənin icraçılarından biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nəzarətedici missiyanın rəhbəri, Layihənin baş meneceri Anastasiya Aleksandrova və missiyanın digər üzvləri ilə nazirliyin müvafiq strukturlarının rəhbərləri arasında görüş keçirilib.
Nazirluyun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, görüşdə “Sosial Müdafiənin İnkişafı” Layihəsinin icrası sahəsində görülən işlər barədə qonaqlara ətraflı məlumat verilib, layihənin ümumən ölkədə sosial müdafiə sisteminin təkmilləşdirilməsində mühüm rolu olduğu qeyd edilib. Layihənin birinci fazasının ugurla kecdiyini bildirən Anastasiya Aleksandrova nazirliyin strukturlarının institusional bazasının gücləndirilməsinin, insan resursları imkanlarının artırılmasının, sosial təminat proqramlarında ünvanlılıq prinsipinin tətbiqi işlərinin təkmilləşdirilməsinin, əmək bazarı və sosial müdafiə xidmətlərinin səviyyəsinin yaxşılaşdırılmasının layihənin əsas məqsədlərindən olduğunu, bu istiqamətlərdə birgə işlərin davam etdiriləcəyini, regional peşə təlimi müəssisələrinin imkanlarının artırılmasının prioritetlərdən biri olduğunu deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıqda görülən işləri müsbət qiymətləndirən Anastasiya Aleksandrova Dünya Bankının Azərbaycanda əmək resurslarının təhqiqati layihəsini həyata kecirmək niyyətində olduğunu bildirib və layihəyə digər hökumət qurumlarının, o cümlədən Maliyyə, İqtisadi inkişaf, Təhsil və digər nazirliklərin cəlb olunmasını təklif edib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dunya Banki ilə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılmaqla, layihənin davam etdirilməsinin, həmçinin əmək bazarı institutunun və əmək resursları bazasının təkmilləşdirilməsinə yönələn proqramların icrasının məqsədyönlü olduğu, bu sahədə təşəbbüslərin nazirlik tərəfindən həmişə müsbət qarşılandığı bildirilib.
Həmçinin elektron xidmətlərin təşkili, vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq istiqamətində nazirlikdə görülən işlər barədə də qonaqlara geniş məlumat verilib və ayrı-ayrı təkliflər nəzərdən keçirilməklə, layihə ilə əlaqədar işlərin davam etdirilməsi qərara alınıb.
Məlumat üçün bildirək ki, Sosial Müdafiənin İnkişafı Layihəsi (SMİL) Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Hökuməti arasında 28 noyabr 2008-ci il tarixində imzalanmış Kredit Sazişinə əsasən, 17 mart 2009-cu il tarixindən qüvvəyə minib. Layihənin 2013-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Modern.az